SEPAH-ın Bəhreyndə radar sistemini hədəf alması regionda qarşıdurmanı genişləndirə bilər – ŞƏRH
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus erkən xəbərdarlıq radar sistemini məhv etdiyini açıqlayıb. Hadisə regionda hərbi gərginliyin artması və ABŞ-İran qarşıdurmasının daha geniş coğrafiyaya yayılması ehtimalını gündəmə gətirib.
Siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, İranla Bəhreyn arasında mövcud ziddiyyətlərin tarixi kökləri var:
"Onun sözlərinə görə, Tehran uzun müddətdir Bəhreynə qarşı ərazi iddiaları irəli sürür və ölkənin daxili siyasi vəziyyətindən istifadə edərək hakimiyyətə təzyiq göstərməyə çalışır. Bəhreyndə sünni icmasının hakimiyyətdə, şiə əhalinin isə siyasi proseslərdə fərqli mövqedə olması İranın bu ölkəyə münasibətində mühüm amillərdən biridir. Ekspertin fikrincə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehranla Manama arasındakı münasibətlər daha açıq qarşıdurma mərhələsinə keçib. İran Bəhreyn ərazisində ABŞ hərbi bazalarının yerləşməsini əsas gətirərək ölkəyə qarşı zərbələrini əsaslandırır".
Müşfiq Abdulla hesab edir ki, radar sisteminin hədəf alınması da Vaşinqtona ünvanlanan hərbi və siyasi mesajdır.
İranın regiondakı ABŞ hərbi bazalarına qarşı mövqeyini sərtləşdirməsi və bu istiqamətdə təhdidlərini artırması qarşıdurmanın yalnız iki dövlət arasında qalmaması riskini yaradır. Siyasi şərhçi əlavə edib ki, İranın raket imkanlarının Avropanın bəzi ölkələrini də əhatə edə biləcəyi ilə bağlı təhdidləri münaqişənin beynəlxalq miqyas alması ehtimalını artırır. Bununla belə, Avropa ölkələrinin hava hücumundan müdafiə imkanlarının İranın mümkün zərbələrinə qarşı ciddi maneə yarada biləcəyini də vurğulayıb.
Həmsöhbətimiz bildirib ki, qarşıdurmanın genişlənməsi dünya enerji bazarına da birbaşa təsir göstərə bilər. Onun sözlərinə görə, Bəhreynlə İran arasında hərbi gərginliyin artması digər Körfəz ölkələrinin də prosesə cəlb olunmasına səbəb ola bilər. Bu isə Hörmüz boğazında gəmiçilik fəaliyyətinin tamamilə dayanması riskini artırır. Dünya neft tədarükündə mühüm əhəmiyyət daşıyan boğazın bağlanması neft qiymətlərinin kəskin yüksəlməsinə, enerji bazarında qıtlığın yaranmasına gətirib çıxara bilər.
Müşfiq Abdulla qeyd edib ki, mümkün böhran yalnız neftlə məhdudlaşmayacaq, təbii qazın bahalaşması, sənaye istehsalının zəifləməsi, sənaye məhsullarının qiymətinin artması və gübrə ixracında problemlər də qlobal iqtisadiyyata təsir göstərəcək. O, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin enerji bazarındakı vəziyyəti daha da çətinləşdirə biləcəyini bildirib.
Siyasi şərhçinin qənaətinə görə, İranın Bəhreynə və digər Körfəz ölkələrinə qarşı hərbi əməliyyatları davam etdirməsi münaqişənin coğrafiyasını genişləndirə, regional təhlükəsizliklə yanaşı, beynəlxalq enerji və iqtisadi sabitlik üçün də ciddi nəticələr doğura bilər.
Fatimə Hüseynova