SEPAH İranda idarəerməni ələ alıb: Azərbaycan üçün risklər varmı?
Son dövrlərdə İran daxilində SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) siyasi və hərbi təsirinin artması regional və beynəlxalq ekspertlərin diqqət mərkəzindədir. SEPAH-ın dövlət idarəçiliyində rolunun daha da güclənməsi ehtimalı, xüsusilə qonşu ölkələr üçün yeni geosiyasi və təhlükəsizlik çağırışları yarada bilər.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki,İranda dəyişikliklər Azərbaycana ciddi risk yaratmır:
“İranda SEPAH-ın idarəetməni ələ keçirməsi, eləcə də digər hər hansı bir qüvvənin idarəetməni ələ keçirməsi Azərbaycan üçün o qədər də ciddi risklər alması mənasına gəlmir. Çünki İran-Azərbaycan münasibətləri elə bir həddədir ki, hər iki dövlət münasibətlərin yaxın olmasında maraqlıdır, çünki ilk növbədə regionun iki müsəlman ölkəsi sayılırlar. Eyni zamanda, İranda 40 milyon soydaşımızın yaşadığını düşünsək, İranda hansı qüvvənin və ya kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlərə yaxından diqqət ayıracaqlar, eləcə də Bakı ilə münasibətlərə həssaslıqla yanaşacaqlar. Onsuzda regionda güc balansı getdikcə dəyişir, yəni güc balansında dəyişikliklər hiss olunmaqdadır. Xüsusilə də son İran savaşının fonunda düşünürəm ki, bu proses getdikcə dərinləşəcək. Çünki İrana qarşı artıq 25 gündür davam edən müharibə regionda, demək olar ki, kartların böyük bir hissəsinin açılmasına səbəb olub. Amma istənilən halda Azərbaycan bu proseslərdə bitərəfliyini qorumağa çalışır, balanslı siyasətini davam etdirməyə çalışır. Hesab edirəm ki, bu proses bundan sonra da davam edəcək. Onsuz da biz buna məcburuq, çünki Azərbaycan regionda heç bir müharibənin olmasını istəmir. Region ölkələrinə qarşı münasibətdə səmimidir və səmimiyyətini hər addımbaşı nümayiş etdirir, qorumağa çalışır. Təbii ki, region ölkələrindən hər hansı biri bu səmimiyyətdən sui-istifadə edəcəksə, cavabını alacaq, necə ki, indiyədək alıb.
SEPAH-ın güclənməsi, təbii ki, arzulanan hal deyil, çünki bu, ilk növbədə regionda təhlükəsizlik mühitinin getdikcə pozulmasına səbəb ola bilər. Amma istənilən halda, dediyim kimi, SEPAH da regionda hər addımbaşı təhlükəsizliyi pozmaq iqtidarında deyil, çünki onlar özbaşına hərəkət etmirlər. İranda hakimiyyət başında olanların tapşırıqları əsasında fəaliyyət göstərirlər. Ona görə də burada ciddi endişələnməli bir hal yoxdur. Azərbaycan öz diplomatik və təhlükəsizliyini qorumaq üçün addımlarını atır və atacaq. Diplomatik gedişlərimiz kifayət qədər uğurludur, təhlükəsizliyimizi isə qorumağa qadirik”.

Arzu Poladova