00:00:00
Yazar
Admin User
25.12.2025 17:55 210 6 dəq oxuma
Maraqlı

Şəhərdə gizli istedadlar

Şəhərdə gizli istedadlar

Bakı sakinlərinin gündəlik həyatı sırasında çox vaxt görünməyən, amma maraqlı və qeyri-adi istedadları ortaya çıxır. Son araşdırmalara görə, şəhərin müxtəlif rayonlarında insanlar fərqli hobbilərə və bacarıqlara sahibdir. Bəziləri evdə mini robotlar düzəldir, bəziləri qeyri-adi əl işləri ilə məşğuldur, digərləri isə fərqli musiqi alətləri çalmağı bacarır. Bu gizli istedadlar həm şəhərin mədəni həyatına rəng qatır, həm də ətrafdakı insanlara ilham verir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Tarix elmləri doktoru, kulturoloq, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minəxanım Əsədova bildirib ki, “Şəhərdə gizli istedadlar” rubrikası deyəndə, dərhal Bakının küçələrində, keçidlərində, parklarda səslənən canlı musiqilər, rəngarəng performanslar göz önünə gəlir:

 

"Bu gün artıq dünyanın bir çox böyük şəhərlərində, istər Avropada, istərsə də başqa regionlarda küçə sənətkarları müxtəlif musiqi alətlərində ifalar edirlər, bəzən qruplar halında çıxış edirlər və bu, şəhərin ruhuna xüsusi bir canlılıq qatır. Sevindirici haldır ki, Bakıda da bu tendensiyanı müşahidə edirik. Şəhərin müxtəlif nöqtələrində, Fəvvarələr Meydanında, Nizami küçəsində, metroların yaxınlığında gitara, skripka, piano, hətta tar və kamançada ifa edən gənclərə rast gəlmək olur. Onların arasında həm musiqi üzrə təhsil alan tələbələr, həm də bunu sadəcə sevgi və istəklə edən insanlar var. Bu, şəhər mədəniyyətinin bir parçasına çevrilib artıq.

 

Eyni tendensiyanı rəssamlıqda da görmək olar. Xüsusilə açıq havada portret çəkən, öz əsərlərini nümayiş etdirib satışa çıxaran rəssamlar da həm öz yaradıcılıqlarını realizə edir, həm də şəhər sakinləri ilə birbaşa təmas qururlar. Bu, həm şəhər sənətinin inkişafına, həm də insanların istedadlarını daha görünən etməsinə kömək edir.

 

Əgər “qonşuların qeyri-adi bacarıqları” dedikdə şəhərimizin sakinlərinin göz önündə olmayan, amma dəyərli istedadlarını nəzərdə tuturuqsa, bu cür təşəbbüslər istər musiqi, istər rəssamlıq, istərsə də başqa sahələrdə həmin bacarıqların cəmiyyətə tanıdılması baxımından çox dəyərlidir. Bu istedadlar bəzən səhnəyə çıxmır, lakin küçənin, şəhərin ritmi ilə birgə yaşayıb inkişaf edir. Yəni bu tip rubrikalar təkcə mədəni zənginlik deyil, həm də şəhər sakinlərinin bir-birinə və yaşadıqları məkana olan münasibətini formalaşdırır. Bu qeyri-adi istedadlar və xobbilər insan həyatının müxtəlif mərhələlərində özünü göstərə bilir. İstənilən yaşda olan bir şəxs maraqlı və yaradıcı fəaliyyətlərlə məşğul ola bilər. Məsələn, mən Turizm və Menecment Universitetində professoram, elmlər doktoruyam, lakin akademik fəaliyyətimlə yanaşı, mənim az tanınan, bəzən isə ümumiyyətlə, paylaşmadığım maraqlı bacarıqlarım var.

 

Fərqli materiallardan, xüsusilə də lentlərdən istifadə edərək müxtəlif növ güllər düzəltməyi sevirəm. Xüsusilə 4–5 növdə qızılgül düzəltmək bacarığım var. Bundan əlavə, toy və xına mərasimləri üçün xonçalar, maraqlı dizaynda səbətlər hazırlayıram. Ailəmizin yaxınları və dostlarımızın şad günlərində məmnuniyyətlə bu hədiyyələri hazırlayıb təqdim edirəm. Bu mənim üçün həm ruhverici, həm də daxili estetik zövqümü ifadə edən bir məşğuliyyətdir. Hərçənd bu bacarığı geniş şəkildə nümayiş etdirmirəm, amma yaxınlarıma sevə-sevə təqdim edirəm.

 

Bizim kafedrada çalışan hörmətli kafedra müdirimiz də incə zövqə malik bir xanımdır. Onun da gizli xobbisi var o, öz əlləri ilə suvenirlər, gözəl kompozisiyalar və bəzək əşyaları düzəldir. Bu, onun daxili yaradıcılığının və ruhunun ifadəsidir.

 

Belə bacarıqlar, hobbilər insanın mənəvi zənginliyinin göstəricisidir. Onlar insana yaşamaq həvəsi, ruh yüksəkliyi verir. İnsan nə qədər peşəkar olsa da, onun daxilindəki yaradıcı potensialı ifadə edən bu cür maraqlar həyatına gözəllik qatır, ona xüsusi dəyər verir. Beləliklə, düşünürəm ki, gizli qalan bu incəliklər, fərdi xobbilər insanın daxili dünyasının ən gözəl təzahürlərindəndir. Uşaqlar və gənclər arasında gizli istedadları vaxtında aşkar etmək olduqca vacib və əhəmiyyətli məsələdir. Bu proses, ilk növbədə, məktəbəqədər dövrdə yəni erkən yaşlardan başlayaraq valideynlər diqqətlə izləməlidir. Məsələn, elə uşaqlar var ki, erkən yaşlarından ritm hissləri güclü olur, musiqiyə maraq göstərir, mahnı oxumağa meyllidirlər və ya bəziləri rəsm çəkməyə, formalar yaratmağa həvəs göstərirlər. Bu isə onların incəsənətin müxtəlif sahələrinə meyilli olduqlarını göstərir.

 

Əgər uşaq uşaq bağçasına gedirsə, həmin istedadların ilkin aşkar olunmasında baxça müəllimələrinin rolu böyükdür. Daha sonra bu missiya məktəb müəllimlərinin üzərinə düşür. Onlar uşaqların maraq və bacarıqlarını vaxtında müəyyənləşdirib bu barədə valideynlərlə sıx əməkdaşlıq etməlidirlər. Valideyn və müəllim arasında mövcud olan bu əməkdaşlıq uşağın potensialının tam inkişaf etməsinə şərait yaradır.

 

Belə bir fikir var: “İstedadsız uşaq yoxdur, sadəcə, istedadını göstərmək üçün müvafiq şərait tapmayan uşaq var". Əgər uşaq uyğun və dəstəkləyici bir mühitdə böyüyürsə, o zaman onun bacarıqları üzə çıxır, inkişaf edir və gələcəkdə peşəyə çevrilə bilər. Əks halda isə həmin istedad gizli olaraq qalır və yalnız illər sonra hobbi və ya şəxsi maraq səviyyəsində üzə çıxa bilər.

 

Əgər bu istedadlar uşaq yaşlarından etibarən düzgün istiqamətləndirilərsə və uşaq həmin sahə üzrə peşəkar təhsil alarsa, bu həm cəmiyyətin mədəni inkişafı, həm də ölkənin dünyada tanınması baxımından çox mühüm rol oynaya bilər. Azərbaycan bu gün öz zəngin mədəniyyəti ilə dünyada tanınır. İstedadlı insanların sayının artması isə bu mədəniyyətin daha da güclənməsinə və ölkəmizin nüfuzunun artmasına səbəb olur.

 

Təhsil müəssisələrində kiçik yaş dövründən tutmuş, məktəbəqədər təhsil müəssisələrin də, ibtidai sinif məktəblərin də, orta məktəblər də, kolleclər də, ali məktəblər də mütləq incəsənətlə bağlı müxtəlif dərnəklərin olmasına ehtiyac var. Musiqi dərnəyi, rəsm dərnəyi və.s. Bunlar hamısı dərsdənkənar tədbirlər zamanı müəllimlər şagirdlərə müxtəlif tapşırıqlar verir və həmən o tapşırıqları yerinə yetirilən zaman şagirdlərdə həmən o istedad üzə çıxır, aşkar olunur. Bu çox vacib məsələdir. Söhbət yalnız incəsənətdən getmir, riyazi bilikləri, texniki elmlərə bilikləri olan gənclərimiz də çoxdur. Bəzi məktəblərdə həqiqətən də bu fəaliyyətlər həyata keçirilir. Universitetlər də isə bu baş verir Tələbə Elmi Cəmiyyəti vasitəsilə. Məsələn, mən tələbləri turlara aparıram. Azərbaycanın müxtəlif bölgələrinə gedirik, muzeylərə gedirik. İşğaldan azan olunan ərazilərə də getmişik. Tədbirlər vasitəsilə, uşaqların bacarıqları, istedadları ortaya çıxır.

 

Saytımıza danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1ci kurs tələbəsi, rəsmlə məşğul olan Arzu Əhmədova bildirib ki, rəsmə uşaq yaşlarımdan marağı olub:

 

"Əvvəllər sadəcə dəftərlərimin kənarına kiçik eskizlər çəkirdim, zamanla bunun mənə sakitlik verdiyini və özümü daha rahat ifadə etməyimə kömək etdiyini anladım. Universitetə başlayandan sonra rəsmi daha ciddi şəkildə inkişaf etdirməyə qərar verdim: boş vaxtlarımda eskizlər edir, rənglərlə təcrübə aparıram.  Bu fəaliyyət gündəlik həyatımda böyük rol oynayır, stresimi azaldır, diqqətimi toplamağa kömək edir və özümə inamımı artırır. Bəzən dərslərdən sonra bir saat rəsm çəkmək bütün günün yorğunluğunu unutturur. Ən gözəli isə odur ki, çəkdiklərim insanlara xoş hisslər yaşadanda, bununla başqalarına da ilham verə bildiyimi hiss edirəm".

 

Sayta danışan Sədaqət Quliyeva bildirib ki, şəhərdə belə gizli və qeyri-adi istedadların olduğunu bilmək məndə çox xoş və qürurverici hisslər yaradır:

 

"Adi, tələsik şəhər həyatının arxasında insanların nə qədər yaradıcı və fərqli olduğunu görmək insana ümid verir. Bu cür bacarıqlar şəhəri daha canlı, daha rəngarəng edir. Belə hekayələri eşidəndə insan öz içindəki bacarıqları da düşünməyə başlayır. Bəlkə də çoxumuz hansısa istedadımızı gündəlik qayğılar səbəbindən arxa plana atmışıq. Fürsət olsa, mən də öz bacarığımı nümayiş etdirməkdən çəkinməzdim. Çünki düşünürəm ki, istedad paylaşıldıqca həm sahibinə, həm də ətrafdakılara müsbət enerji verir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər