00:00:00
Yazar
Admin User
17.11.2025 19:03 135 3 dəq oxuma
Sosial

Şəhərdə piyadaların təhlükəsizliyi diqqət mərkəzindədir

Şəhərdə piyadaların təhlükəsizliyi diqqət mərkəzindədir

Piyadaların iştirakı ilə baş verən yol qəzaları hər zaman aktualdır. Mütəxəssislər bunu sürət həddinin aşılması, sürücülərin diqqətsizliyi və piyadaların qaydalara tam əməl etməməsi ilə əlaqələndirirlər. Yol polisi və bələdiyyə təhlükəsizliyin artırılması üçün yeni nişanların quraşdırılması, piyada keçidlərinin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsini planlaşdırır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, piyadaların hərəkət təhlükəsizliyi bizim üçün prioritet olmalıdır. Əvvəlki dövrlərdə də, indi də, gələcəkdə də belə olmalıdır:

 

"Çünki piyadalar cəmiyyətin ən az təminatlı və təhlükəsizlik baxımından ən həssas təbəqəsidir. Bu səbəbdən də onların təhlükəsizliyi birinci növbədə təmin olunmalıdır. Bu gün Azərbaycan Respublikasında piyadaların hərəkəti ilə bağlı müxtəlif qanunlar qəbul olunub və bu qanunların icrasına aidiyyəti qurumları nəzarət edir. Amma bu, tam təhlükəsizlik demək deyil. Hələ də işıqlandırılmayan yollar, piyada keçidi olmayan küçələr mövcuddur. Böyük şəhərlərdə, magistral yolların kənarındakı yaşayış məntəqələrində yerüstü və yeraltı keçidlərin salınmasına ehtiyac qalır. Yol polisinin nəzarət etdiyi ərazilərdə yeni yol nişanlarının quraşdırılması, şəhər və kənd mərkəzlərində sürət həddinin azaldılması vacib addımlardandır. Bütün bu tədbirlər sistemli və paralel şəkildə həyata keçirilməlidir. Əks halda bu işlər effektivliyini itirər".

 

"İnformator.az"a danışan piyada Nuray Əlibəyova bildirib ki, piyada keçidlərində özümü daha rahat hiss edirəm:

 

 "Çünki şəhərdə bu yerləri avtomobil sürücüləri  nəzərə alır və əksər hallarda yol hərəkəti qaydalarına riayət edilir. Amma bəzən sürücülərin diqqətsiz davranışı, yüksək sürət və qırmızı işığa diqqət yetirməmə hallarında özümü təhlükəli halda hiss edirəm. Ona görə də, hər zaman yol keçən zaman hər iki tərəfə baxmağa diqqət yetirirəm. Bundan əlavə, yolu keçən zaman avtomobillər dayandıqdan sonra keçməyə üstünlük verirəm. Beləliklə, həm qaydalara riayət etmiş oluram, həm də özümü daha təhlükəsiz hiss edirəm. Əlavə olaraq, hətta şəhərin bəzi yerlərində piyada keçidlərinin az olduğunu düşünürəm. Onu da qeyd etmək istəyirəm ki, yeraltı keçidlərə də nəzarət artırılsın".

 

Sürücü Arzu Qədirov isə bildirib ki, mən istəyərdim ki, şəhərdə nəzarət sistemi gücləndirilsin:

 

"Elə yerlər var ki, orada ümumiyyətlə nəzarət yoxdur. Bu cür ərazilərdə də nəzarətin təmin olunması vacibdir. Bu məsələlərə daha çox diqqət yetirilməli və önəm verilməlidir.

 

Hesab edirəm ki, bu məsələni məsuliyyətli şəkildə tələb etməliyik ki, həm sürücülər, həm də piyadalar öz məsuliyyətlərini dərk etsinlər. Sürücülər diqqətli olmalıdır, lakin piyadalar da arxayınlaşmamalıdırlar. “Bu bizim yolumuzdur, keçirik” düşüncəsi təhlükəli ola bilər. Onlar da eyni dərəcədə diqqətli və həssas davranmalıdırlar. Məsələn təkcə sola baxmaqla yolu keçmək olmaz. Hər iki tərəfə baxmaqla təhlükəsizliyi təmin etmək lazımdır.

 

Mən həmçinin, piyada keçidlərinin yerləşdiyi ərazilərə kameraların quraşdırılmasını istəyərdim. Çünki bəzən həm sürücü, həm də piyada qaydalara riayət etsə belə, anlaşılmazlıqlar baş verə bilir. Belə hallarda müşahidə kameralarının mövcudluğu obyektiv qiymətləndirmə üçün faydalı olar. Şəhərimizdə elə bölgələr var ki, orada piyadaların sıxlığı yüksəkdir. Qırmızı işıq yansa da piyadalar bəzən yolu tam keçə bilmirlər. Belə yerlərdə piyada keçidlərinin sayının artırılması vacibdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər