Şəhərdə yeni trend
Son dövrlərdə şəhərdə təkərli nəqliyyat vasitəsində qurulan və yerini tez-tez dəyişə bilən qəhvə satışı məntəqələrinin sayı artıb. Bu konsept, gənclərə və şəhər sakinlərinə hərəkət halında sürətli qəhvə və digər içkilər təqdim edir. Yeni texnologiyalar sayəsində sifarişlər daha sürətli hazırlanır və ödənişlər mobil tətbiqlər vasitəsilə həyata keçirilir. Bu trend kiçik biznes və startaplar üçün yeni imkanlar açır, şəhər həyatını daha rahat və sürətli edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında biznes eksperti İlkin Mirzəzadə bildirib ki, hərəkətli qəhvə maşınlarının trendləşməsi bir çox cəhətdən şəhər üçün üstünlükdür:
"Birincisi, sabit məkanda fəaliyyət göstərən qəhvə nöqtələrindən fərqli olaraq, bu tip bizneslər mobil olduqları üçün müxtəlif yerlərdə xidmət göstərə bilirlər. Məsələn, sevdiyimiz bir qəhvəni yalnız bir bölgədə deyil, olduğumuz fərqli məkanlarda da dadmaq imkanı yaranır. Bu da əlçatanlığı artırır. Bu biznes modeli sahibkarlar üçün də sərfəlidir, çünki insanların daha çox toplandığı ərazilərə yönəlməklə satış potensialı yüksəlir və gəlir artımı baş verir.
Üstünlükləri:
-Mobillik və çeviklik
-Geniş auditoriyaya çıxış
-Gəlir əldə etmək imkanının yüksək olması
Dezavantajları:
-Hər dəfə yeni məkanda fəaliyyət üçün icazə almaq
-Texniki və logistika məsələləri (avadanlığın daşınması, enerji, su təminatı və s.)
-Sıxlıq yaradılması kimi sosial narahatlıqlar
Əgər bu çətinliklər düzgün idarə olunarsa, hərəkətli qəhvə maşınları həm sahibkar, həm də istehlakçı üçün faydalı və gəlirli bir biznes modelinə çevrilə bilər".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Nuray Qədirli isə bildirib ki, şəhərdə belə hərəkətli içki satışı məntəqələrinin artması gündəlik həyatı çox rahatlaşdırır:
"Məsələn, səhər işə və ya dərsə tələsəndə xüsusi olaraq kafe axtarmağa vaxt sərf etmirəm - yolumun üzərində tez bir şəkildə isti içki ala bilirəm. Bu məntəqələrin mobil olması o deməkdir ki, şəhərin istənilən yerində, hətta adi kafelərin olmadığı küçələrdə belə xidmət göstərirlər.
Üstəlik, mobil ödənişlərin olması prosesi daha da sürətləndirir, növbələr qısa olur və vaxt itkisi minimuma enir. Gənclər üçün isə bu, həm rahatlıq, həm də şəhər həyatına dinamiklik gətirən müasir bir xidmət kimi görünür. Ümumiyyətlə, belə məntəqələr şəhərdəki gündəlik hərəkəti daha çevik edir və insanların ehtiyaclarını daha əlçatan formada qarşılamağa kömək edir".
Aişə Mustafayeva
