Şəhərin tünd palitrası
Paytaxt küçələrində aparılan müşahidələr insanların gündəlik geyim seçimində əsasən qara və digər tünd rənglərə üstünlük verdiyini göstərir. Küçə boyu hərəkət edən sakinlərin seçdiyi rəng palitrası şəhərin vizual atmosferində vahid fon yaradır. İnsanların niyə məhz bu rənglərə daha çox yönəldiyi isə maraq doğuran suallardan biridir.
Mövzu ilə bağlı “İnformator.az” paytaxt sakinlərinin rəng seçiminə dair fikirlərini və bu haqda ekspertlərin rəylərini öyrənib.
Şəhərin gənc sakini Pərvin Hacıyeva tünd rənglərin daha səliqəli görüntü yaratdığını vurğulayıb:
“Mən daha çox qara rənglərə üstünlük verirəm. Çünki qara rəngdə geyinməyi sevirəm, özümə yaraşdırıram və daha rahat hiss edirəm. Digər insanların qara və ya tünd rənglərə üstünlük verməsinin səbəblərindən biri, məncə, belə rənglərin daha gec kirlənməsidir. Bəziləri də paltar seçimində fəsillərə uyğun rənglərə üstünlük verə bilər. Həm də soyuq havalarda qara rəng insanları daha isti saxlayır”.
Psixoloq Nabat Mirzəyeva isə bildirib ki, qara rənglərə üstünlük verməyimizin psixoloji səbəbləri də mövcuddur:
“Bəzən biz qaraya bürünərək daxilimizdə yaşadığımız hekayələri sanki gizlədirmiş kimi hiss edirik. Daha çox depressiya zamanı qara rəngdə geyinirik. Psixoloji olaraq insanlar bəzən öz emosiyalarını, yorğunluqlarını qara libas altında saxlaya bilirlər. Ancaq qara və ya tünd rənglərdə geyinmək hər zaman psixoloji problemlərə işarə etmir. Bəzən gedəcəyimiz yerdə paltarımız kirlənməsin, daha rahat olsun deyə qara rəngə üstünlük veririk. Qara geyimlər tez çirklənmir, rahatdır, əlimizi atıb geyinə biləcəyimiz növdə bir geyim rəngidir. Daha sonra, bəzilərimiz hər hansı iclasda, tədbirdə iştirak etdiyimiz zaman da qara rəngdə geyinməyi seçirik. Bu da bir növ, düşüncə və fikirlərin bir arada toplanmasına kömək edir. Qara monotonluğu bildirdiyinə görə, ciddiyyət rəmzi olduğuna görə düşünülür ki, qara rəngdə geyindiyimiz zaman daha ciddi görünmüş oluruq. Həmçinin əsalət rəngi olduğu üçün insanların zövqünü oxşayır”.

Sosioloq Elçin Bayramlının fikrincə, keçmişdə insanlar daha çox rəngarəngliyə üstünlük verdiyi halda, günümüzdə monoton rənglərdən istifadə edilir:
“Düşünürəm ki, bu, dövrlə bağlı bir məsələdir. Hazırda dünyada belə bir tendensiya müşahidə olunur. İnsanlar bir qədər ciddi rənglərə üstünlük verirlər. Həm evlərin təmirində, həm avtomobillərin rəngində, həm də geyimlərdə belə rənglərdən daha çox istifadə olunur. Məsələn, keçən əsrlərdə çəkilən şəkillərdə avtomobillər daha rəngarəng, daha fərqli olsa da, indiki şəkillərdə görürük ki, sadəcə ağ-boz-qara rənglərə üstünlük verilir. Bu daha sadə, bəzək-düzəkdən uzaq olmaq kimi bir psixologiyadır. Demək olar ki, bu, bütün ölkələrdə belə müşahidə olunur. Son vaxtlar satılan xalçaların belə hamısı boz rəngdədir, torpaq rəngindədir, monoton tipdədir. Amma keçmişdə xalçalar daha çox rəngli, üzərində müxtəlif ornamentlər olurdu. Ən azından biz Şərq xalqıyıq, bizim milli mədəniyyətimizdə rəngarənglik, gözəllik, müxtəlif ornamentlər var. Bir az monotonluqdan çıxsaq, daha yaxşı olar deyə düşünürəm. Evlərdə, əşyalarda milli ornamentlərdən, müəyyən qədər müxtəlif rənglərdən istifadə olunsa, bu, həyata pozitivlik qatar. Biz öz mədəniyyətimizi daha çox yaşatmalı, rəngarəngliyi, zənginliyi qorumalıyıq”.

Lalə Qurbanlı
