Şəhərləşmənin ekosistemə təsiri
Müasir dövrdə şəhərləşmə dünya miqyasında sürətlə genişlənir. Artan əhali, yeni yaşayış massivləri, yollar, sənaye zonaları və infrastruktur obyektləri təbiətə ciddi təsir göstərir. Şəhər məkanının genişlənməsi bir tərəfdən sosial və iqtisadi inkişaf yaratsa da, digər tərəfdən ekosistemlərin pozulmasına, bioçeşidliliyin azalmasına, su–hava keyfiyyətinin zəifləməsinə və iqlim dəyişikliyinin sürətlənməsinə səbəb olur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, Coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani bildirib ki, şəhərləşmə (urbanizasiya) prosesi uzun tarixi dövr ərzində baş verir:
"Şəhər mühitinin formalaşması üçün iqtisadi güc və sosial infrastrukturun əlçatanlığı əsas şərtlərdən biridir. Şəhərin dayanıqlı inkişafı isə iqtisadi, sosial və ekoloji faktorların məcmusu ilə ölçülür. Bu baxımdan, şəhərlərşmə həm iqtisadi üstünlüyə, həm sosial həyat tərzinə, həm də ekoloji faktorlara əsaslanan bir inkişaf konsepsiyasıdır. Lakin hazırda dünyanın bir sıra iri şəhərləri ekoloji problemlərlə üzləşir. Bu proses ətraf mühitə və ümumiyyətlə ekosistemə ciddi təsir göstərir. Müasir tendensiya olan ağıılı şəhər layihələri vardır ki, bunlar ekosistemə minimum ziyanla qurulur. Çünki şəhərləşmə və şəhərlərin inkişafı bir biri ilə qarşılıqlı tendensiyada inkişaf etməlidir. Əks halda Sizin qeyd etdiyiniz kimi şəhər ekosisteminə ciddi ziyan dəyə bilər.
Biz müasir şəhər infrastrukturundan danışırıqsa deməli yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi olduqca labüddür. Yeni yaşayış məhəllələrinin yaradılması şəhərin inkişafı və onun demoqrafik yükü ilə bağlıdır. Əhalinin sayının artması yeni məhəllələrin yaradılması üçün bir şərtdir. Əks halda şəhər mühitinin ekoloji vəziyyəti kəskin ağırlaşa bilər. Lakin bu prosesi həyata keçirən orqanlar yeni məhəllələrin yaradılmasında təbii ekosistemi də nəzərə almalıdırlar. Bu prosesdə yalnız şəhərin iqtisadi potensialı deyil, həmçinin relyef, su ehtiyatları, atmosfer havası, yaşıllıqlar və digər komponentlər nəzərə alınmalıdır".
Gövhər Mehyəddinova
