Sığortaolunanların dərman təminatı TƏBİB-ə verilib
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, sığortaolunanların dərman və tibb vasitələri ilə təminatı üzrə səlahiyyətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən TƏBİB-ə keçib. Eyni zamanda, icbari tibbi sığorta sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub və tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, struktur dəyişiklikləri öz yerində, yəni bunların önəmi var, təbii ki, bu inkar oluna bilməz:
“Amma əsas məsələ odur ki, vətəndaş istənilən bir situasiyada bu icbari tibbi sığortadan fayda görə bilsin. Bunun mexanizmləri müxtəlif ola bilər. İcbari tibbi sığorta elə bir praktikadır ki, hətta Amerika kimi ölkədə də problemlər var, yəni hamı icbari tibbi sığorta ilə əhatə olunmayıb. Orada da problemlər var. Amma istənilən halda biz çalışmalıyıq ki, Azərbaycan balaca ölkədir, icbari tibbi sığortanın imkanlarından kimsə kənarda qalmasın. Çünki bizim əhalimiz azdır və biz bunların icbari tibbi sığortanın ən azı sosial müdafiəsini təmin edə bilərik. O baxımdan da mən struktur dəyişikliklərini hansısa bir önəmli məsələ hesab etmirəm. Baxmayaraq ki, bunlar dünya standartlarına uyğun olmalıdır. Və bir məsələnin həllində vahid icraedici qurum olmalıdır ki, sorğu da ondan olsun, məsuliyyət də onun çiynində olsun. Amma bununla yanaşı, yenə deyirəm, dövlət siyasəti elə qurulmalıdır ki, bu prosesdən vətəndaş fayda götürə bilsin, mexanizm haqqında düşünmək daha düzgün olar”.
Aytac İbrahimova