00:00:00
Yazar
Zəhra Həsənova
06.05.2026 20:07 28 2 dəq oxuma
Sosial

Silah əldə etmək hüququ: Azərbaycanda qanun nə deyir?

Silah əldə etmək hüququ: Azərbaycanda qanun nə deyir?

Azərbaycan mülki silahlarla bağlı sərt tənzimləmənin mövcud olduğu ölkələrdən biridir. Qanuna görə vətəndaşlara verilən silahlar mülki və xidməti silahlara bölünür. Vətəndaşların silah sahibi ola bilməsi üçün yaş həddi, müraciət proseduru və xüsusi icazə sistemi müəyyən edilib. Bu qaydalar ictimai təhlükəsizliyin qorunmasına xidmət edir.

 

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, "Mərkəz" Vəkil Bürosunun vəkili Cavanşir Qasımzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda adi vətəndaşların özünü müdafiə məqsədilə tapança gəzdirməsinə icazə verilmir:

 

"Azərbaycanda silah sahibi olmaq hüququ qanunla tanınsa da, bu proses dövlətin çox ciddi nəzarəti və sərt filtrləri altında həyata keçirilir. Vətəndaşlar mülki silah əldə etmək üçün yaşadıqları ərazi üzrə Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etməli və xüsusi icazə sənədi almalıdırlar. Qanunvericiliyə görə bu hüquq 18 yaşına çatmış şəxslərə verilsə də, praktiki tətbiqdə hər kəs bu imkandan yararlana bilmir. Xüsusilə, ağır cinayət törətmiş, ictimai qaydaları mütəmadi pozan, narkoloji və ya psixonevroloji problemləri olan, eləcə də profilaktik qeydiyyatda duran şəxslərin silah alması qəti qadağandır. Tibbi və psixoloji yoxlanışlar burada həlledici rol oynayır, çünki şəxsin emosional sabitliyi və fiziki sağlamlığı ictimai təhlükəsizlik üçün əsas şərt hesab olunur. Praktikada hər kəsin silahının olmaması həm hüquqi məhdudiyyətlər, həm də ciddi məsuliyyət yükü ilə bağlıdır. Azərbaycanda adi vətəndaşların özünü müdafiə məqsədilə tapança gəzdirməsinə icazə verilmir. İcazələr əsasən ovçuluq və ya idman təyinatlı uzunlüləli silahlar üçün nəzərdə tutulur. Silah sahibi olan şəxs onu evində mütləq seyf daxilində saxlamalı və polisin həyata keçirəcəyi mütəmadi yoxlamalara hazır olmalıdır. Bundan əlavə, silahın yüksək qiyməti, dövlət rüsumları və mürəkkəb bürokratik prosedurlar bir çox insanı bu fikirdən daşındırır. Dövlətin "nə qədər az silah, o qədər az cinayət" prinsipi və cəmiyyətdəki ehtiyatlı yanaşma nəticəsində silah əldə etmək kütləvi hal deyil, yalnız xüsusi şərtləri ödəyən şəxslərə verilən bir imtiyaz kimi qalmaqdadır".

 

Samirə Allahverdizadə

#Qanun #silah #Bakı #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər