“Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı bütün iştirakçı ölkələr üçün faydalıdır ”- ŞƏRH
Azərbaycan ilə Rusiya arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri, xüsusən də onun buraxılış qabiliyyətinin artırılması və nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi müzakirə olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında ən böyük problem Rəşt-Astara dəmir yolu xəttinin çəkilməməsidir:
“Çinlə bağlı nəqliyyat dəhlizi əsas element ola bilər, lakin hazırda İranın vəziyyəti qarışıqdır. Çin-Cənub nəqliyyat dəhlizi faktiki olaraq ciddi böhranla üz-üzədir. Ümid edirik ki, İranda baş verən proseslər müvəqqətidir. Çünki İran üzərindən gələn yüklərin Azərbaycan vasitəsilə Rusiyaya göndərilməsi, daha sonra Rusiyadan Avropaya çıxışı məsələsində də problemlər mövcuddur. Rusiya ilə Avropa arasında əməkdaşlıq zəifləyib. Şimal-Cənub nəqliyyat dəhlizi məhz bu marşrut üzərində qurulub. Burada da əsas problemlərdən biri İrandakı müharibə və qeyri-sabitlikdir. Müharibələrin davamlı olmadığını nəzərə alaraq ümid etmək olar ki, vəziyyət sabitləşəndən sonra dəhlizin inkişafı yenidən sürətlənəcək. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında ən böyük problem Rəşt-Astara dəmir yolu xəttinin çəkilməməsidir. Bəndər-Abbasdan Rəştə qədər dəmir yolu mövcuddur, Astaradan isə Rusiya istiqamətində dəmir yolu xətti fəaliyyət göstərir. Lakin Rəşt-Astara hissəsi hələ tamamlanmayıb. Rusiya bu layihə üçün İrana kredit ayırıb. Hazırda quru yükdaşımaları həyata keçirilir. Yüklər Astaraya qədər gəlir, oradan isə dəmir yolu ilə Rusiya istiqamətində daşınır”.
Həmçinin ekspert qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı bütün iştirakçı ölkələr üçün faydalıdır:
“Əsas həlqələr İran və Hindistandır. Bu dəhlizin üç konfiqurasiyası var: biri Azərbaycan üzərindən, biri Xəzər dənizi vasitəsilə, digəri isə Mərkəzi Asiya üzərindən keçir. Yəni marşrutun mütləq şəkildə Azərbaycan üzərindən keçməsi şərt deyil. Lakin Azərbaycan öz ərazisindən keçən istiqamətin inkişafında maraqlıdır. Çünki nəqliyyat dəhlizləri həm tranzit gəlirləri, həm iqtisadi inkişaf, həm də logistika imkanları baxımından böyük əhəmiyyət daşıyır. Potensial kifayət qədər böyükdür. Ancaq dəhlizin iki mühüm iştirakçısı-Rusiya və İran hazırda müharibə və siyasi gərginliklərlə məşğuldur. Buna görə də hələlik daha çox potensialdan danışılır. Dəhliz fəaliyyət göstərir, lakin daha böyük həcmdə yüklərin daşınması mümkündür”.
Arzu Poladova
