Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Şimali Koreya aprelin 12-də Koreya Xalq Ordusu Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Choe Hyon" esminesinin döyüş potensialını qiymətləndirmək məqsədilə strateji qanadlı və gəmi əleyhinə raketlərin planlı sınaq buraxılışlarını həyata keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Şimali Koreya lideri Kim Çen İn hərbi sənaye kompleksi rəhbərlərinin və HDQ komandanlığının müşayiəti ilə buraxılışların keçirilməsində şəxsən iştirak edib.
"Sınağın məqsədi gəmi silahları komandanlığının inteqrasiya edilmiş sisteminin buraxılışı idarəetmə proqram təminatının yoxlanılması, heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təkmilləşdirilmiş aktiv maneə əleyhinə naviqasiya sisteminin dəqiqlik xarakteristikalarının təsdiqlənməsi idi", – deyə KMTA bildirib.