SITA hava limanları üzrə imkanlarını genişləndirir
Hava nəqliyyatı sahəsi üçün texnoloji həllər təqdim edən SITA şirkəti sərnişinlərə xidmət, baqajın emalı və hava limanı əməliyyatlarının idarə olunması üzrə ixtisaslaşmış Collins Aerospace Airport Solutions şirkətini satın almaq barədə razılığa gəlib. Sövdələşmə SITA-nın hava limanlarında əməliyyatların fasiləsizliyini və dayanıqlığını təmin etmək imkanlarını genişləndirəcək.
Collins Aerospace Airport Solutions sərnişinlərin və baqajın terminal daxilində hərəkətini təmin edən texnologiyalar və əməliyyat həlləri təqdim edir. Şirkətin xidmətləri qeydiyyat və özünəxidmət məntəqələrindən baqajın təhvil verilməsinədək müxtəlif mərhələləri, eləcə də hava limanlarının fəaliyyətində mühüm rol oynayan sistemləri əhatə edir. Müvafiq tənzimləyici qurumların icazələri də daxil olmaqla, sövdələşmə üçün nəzərdə tutulan bütün şərtlərin yerinə yetirilməsindən sonra satınalmanın 2027-ci ilin birinci yarısında başa çatdırılması gözlənilir.
SITA-nın baş icraçı direktoru David Lavorel bildirib ki, hava nəqliyyatı inkişaf etdikcə sərnişinlərin gözləntiləri də artır. Onun sözlərinə görə, səyahətin bütün mərhələlərinin əlaqələndirilməsində texnologiya, innovasiya və insan amili getdikcə daha böyük əhəmiyyət kəsb edir.
“Bu yanaşma əməliyyatlarda fasilələrin qarşısını almağa, belə hallar baş verdikdə isə onların nəticələrini operativ şəkildə aradan qaldırmağa imkan verir. Bu satınalma SITA-nın həll və xidmət portfelini genişləndirəcək, müştərilərimizin etibar etdiyi texnologiya tərəfdaşı kimi mövqeyimizi möhkəmləndirəcək”, - deyə David Lavorel qeyd edib.
SITA və Collins Aerospace Airport Solutions şirkətlərinin imkanlarının birləşdirilməsi müştərilərə göstərilən dəstəyin gücləndirilməsinə, sərnişinlərə xidmətin, baqajın emalının və hava limanlarındakı digər əməliyyatların təkmilləşdirilməsinə şərait yaradacaq.
SITA-nın hava limanları üzrə baş vitse-prezidenti Nathalie Altwegg isə bildirib ki, hava limanları texnologiya təchizatçılarından, ilk növbədə, etibarlı tərəfdaşlıq gözləyirlər.
“Bu, hava limanlarının iş şəraitini anlamaq, komandalarla sıx əməkdaşlıq etmək və ehtiyac yarandıqda lazımi dəstəyi göstərmək deməkdir. Sövdələşmə sayəsində bu cür dəstəyi daha çox müştəriyə təqdim edə biləcəyik”, - deyə Nathalie Altwegg vurğulayıb.
