Siyasi faktorlar neft qiymətlərinə birbaşa təsir edir
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 66 dolları ötüb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,77 ABŞ dolları və ya 1,2% artaraq 66,05 ABŞ dollarına bərabər olub.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, neft bazarında dəyişikliklər davam edir:
“Çünki neftin qiymətinin artmasını-azalmasını müşahidə edirik. 2026-cı illər üçün də gözlənti eyni olacaq. Hazırda proqnoz ondan xəbər verir ki, növbəti il neftin qiyməti 1 barrel üçün 60 dollar ətrafında dəyişəcək. Amma təbii ki, burada siyasi faktorları da nəzərə almaq lazımdır. Siyasi faktorlar birbaşa bazara təsir göstərir. Bəzi hallarda qiymətin siyasi səbəblərdən artıb-azalmasını müşahidə edirik. “Azeri Light” markalı neftin qiymətindəki artımlar təbii ki, neft ölkəsi olan Azərbaycan üçün məqbuldur. Çünki neftin qiyməti nə qədər yüksək olarsa, ölkəyə daxil olan valyutanın həcmi bir o qədər çox olar. Makroiqtisadi stabillik baxımından vacibdir. Bu baxımdan praktik olaraq Azərbaycan üçün eyni zamanda, digər neft ölkələri üçün əsas neftin qiyməti ilə bağlı məqbul qiymət də önəmlidir. Neft ölkələri üçün məqbul qiymət neftin 1 barrelinin qiymətinin 70-80 dollar ətrafında dəyişməsidir. Neft ölkələrinin gəlirlərinin artmasına və kəskin xərcin yayılmasının qarşısını alır”.
Nuray Əliyeva
