Şəkiyə ezam olunan müxbirimizdən…
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə gerçəkləşən bu səfər mənim üçün sadəcə icra olunmalı bir tapşırıq deyildi. Bu səfər jurnalist kimi gerçəkləşən ilk ezamımın gətirdiyi məsuliyyət, sevinc və həyəcan idi.
Çünki bu, mənim peşəkar fəaliyyətimdəki ilk ezamım idi…
Şəkiyə adlayan kimi özümü tarixlə müasirliyin qovuşduğu bir məkanda tapdım. Hər küçə, hər döngə, hər qədim divar sanki yüz illərin hekayələrini pıçıltı ilə danışır, şəhərin insanları isə bu hekayələrin canlı daşıyıcısı kimi səni öz dünyalarına çəkirdi.
Ezam günlərim boyu həm redaksiyaya xəbərlər ötürdüm, həm müşahidəçi kimi hər detalı diqqətlə izlədim, həm də yeni şeylər öyrənməyə çalışdım. Söhbətləşdiyim insanlar, gördüyüm məkanlar və gözümə dəyən kiçik nüanslar belə mənə jurnalistikanın əslində masa arxasında deyil, məhz yolda, hadisələrin içində, insanların həyatına toxunmaqla öyrənildiyini xatırlatdı.
Şəkinin təbiəti isə ayrıca bir hekayədir. Səhərin sərin mehindən tutmuş yaşıl dağların sakitliyinə, qədim memarlığın yaratdığı nadir gözəlliyə qədər hər şey insana fərqli bir ilham verir. Bu səfər mənim üçün peşəkar yolumun unudulmaz və çox qiymətli bir başlanğıcına çevrildi.
Bu ezam mənə göstərdi ki, bəzən öyrənmək və araşdırmaq üçün ən gözəl məkan xəritədə sadəcə bir nöqtə deyil - bir ruh, bir enerji və bir ilham mənbəyidir. Mənim üçün həmin məkan isə Şəki oldu.
Bu unudulmaz təcrübəni mənə yaşatdığı üçün "İnformator.az" saytına və Dövlət Turizm Agentliyinə xüsusi təşəkkürümü bildirirəm. Və nə yaxşı ki, ilklərə "İnformator.az"la imza atıram.
Lalə Qafarova
