"Sənə bir sirr verəcəm, amma heç kimə demə"
Hər birimizin insanların bilməsini istəmədiyimiz sirlərimiz var. Buna görədir ki kiminləsə sirr bölüşdüyümüz zaman “sənə güvənirəm, amma yenə də aramızda qalsın” deyə tənbehliyirik. Bəs özümüz necə? Sirr saxlamağı bacarırıqmı?
Sizə verilən sirrin yükündən qurtulmaq üçün danışın getsin desək, bu doğru olmaz. Amma etibarlı mənbəniz varsa, niyə də olmasın? Elə qədim folklorda olduğu kimi su, şam, quyu daşıdığınız sirri dinləməyə daim hazırdır.
Folklorşünas Ağaverdi Xəlilov deyir ki, qədim folklorda insanlar sirrinə daim sadiq qalıblar: “Buna görə də onların etibarlı mənbəsi su, şam, quyu, torpaq, ağac kimi təbiət ünsürləri olub. Biz bunu İsgəndərin əhvalatından çox yaxşı bilirik. Sirrin həmin təbiət ünsürlərinə danışılmasında simvolik məna var. İnsanlarda belə bir inanc olub ki, su, torpaq, od onların nəinki sirrini saxlayacaq, həm də onları qoruyacaq".
Ata-babalarımız boşuna sirrinizi suya, şama danışın deməyiblər. Belə ki, sirr saxlamaq sağlamlığımıza ciddi zərərlər vurur. Bunu bütün dünya alimləri təsdiqləyir.
Psixoloq İlhamə Mustafayeva hesab edir ki, biri ilə sirr bölüşdüyümüz zaman həmin şəxsə nəinki məsuliyyət yükləyirik, həm də onu psixoloji basqılara məruz qoyuruq: “Çünki sirr maraqlı faktdır. İnsan hər zaman təəccübləndirəcək faktları bölüşməyə can atır. Ona görə bölüşə bilməməyin stressi bir kənara, bir də “bölüşsəm, nələr baş verər” fikri də onu digər tərəfdən sıxır. Əgər sirrinizi bölüşmək istəyirsinizsə, bunun üçün ən etibarlı mənbə psixoloqlardır”.
Məsələyə ənənəvi yanaşma isə sirr saxlamağın ən yaxşı yolu beynimizi “burada aldığım burada da qaldı” prinsipinə kodlaşdırmaqdır. Yəni, həmin faktın sizinlə əlaqəsi olmadığını düşünsəniz, onu daşımaq daha asan gələcək.
