SOCAR ilk dəfə yerli yanacağı Ermənistana tədarük edib
Ermənistana yanacaq daşıyan yük qatarı bu gecə saatlarında Böyük Kəsik stansiyasından yola çıxır. 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırılacaq. Bu daşımalar Prezident İlham Əliyevin oktyabr ayında imzaladığı qərara əsasən, Azərbaycanın işğal dövründən sonra qüvvədə olan tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra həyata keçirilir və regionda enerji və nəqliyyat əməkdaşlığının inkişafına töhfə verir.
Mövzu ilə bağlı enerji mütəxəssisi Zəfər Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstanın regiondakı tranzit rolu da diqqətəlayiqdir:
“SOCAR-ın 1 220 ton Azərbaycan mənşəli “Aİ-95” markalı avtomobil benzininin Gürcüstan vasitəsilə Ermənistana tədarükü regionun yanacaq-sürtkü materialları bazarında mühüm dəyişikliklərə səbəb ola bilər. Bu daşımalar Azərbaycanın uzun illər boyu həm Ermənistanın, həm də Gürcüstanın əsas enerji təchizatçısı olması tarixi kontekstini davam etdirir. SSRİ dövründə Bakıdakı neft emalı zavodları Zaqafqaziya ölkələrinin yanacaq tələbatını ödəyib və Azərbaycan enerji resurslarının Ermənistan iqtisadiyyatında mühüm rolu olub.
Yeni tədarük həm regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası, həm də Azərbaycanın Orta Dəhlizdəki rolunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ermənistanla Azərbaycan arasında nəqliyyat və ticarət əlaqələrinin bərpası Cənubi Qafqazda yeni nəqliyyat arxitekturasının formalaşmasına imkan yaradacaq. Hazırda Ermənistanın yanacaq tədarükü Gürcüstan vasitəsilə həyata keçirilir ki, bu da mürəkkəb və xərcli logistika zənciri yaradır.
Rusiya uzun müddətdir Ermənistanın yanacaq bazarında əsas tədarükçü olsa da, Gürcüstan vasitəsilə daşınma həm vaxt, həm də maliyyə baxımından əlavə yük gətirir. Məsələn, bir ton yanacağın daşınma xərci 150–180 dollar arasında dəyişir və çatdırılma müddəti 14–15 gündür. Azərbaycan üzərindən tədarük bu zənciri qısaldacaq, xərcləri azaldacaq və itkiləri minimuma endirəcək. Bu, yalnız iki ölkə arasında sülh müqaviləsi bağlandıqdan və dəmir yolu əlaqələri bərpa olunduqdan sonra tam effekt göstərəcək.
Eyni zamanda Naxçıvanın yanacaq təminatı da mövcudda mürəkkəb logistika zənciri ilə həyata keçirilir. Hazırda Naxçıvanın yanacağı İran ərazisi vasitəsilə avtosisternalarla daşınır ki, bu da həm xərcli, həm də vaxt baxımından səmərəsizdir. Ermənistanla və ümumilikdə regional əlaqələrin bərpası Naxçıvanın yanacaq təminatını da xeyli asanlaşdıracaq.
Gürcüstanın regiondakı tranzit rolu da diqqətəlayiqdir. Ölkə Azərbaycan yanacağını öz ərazisindən rüsumsuz olaraq Ermənistana tranzit etməyə imkan verərək regionda əlverişli tranzit mərkəzi mövqeyini qoruyur.
Nəticədə regionda nəqliyyat və enerji kommunikasiyalarının bərpası Cənubi Qafqazın geoiqtisadi mənzərəsini dəyişə və Azərbaycanın həm Ermənistanın, həm də Gürcüstanın əsas enerji təchizatçısı rolunu daha da möhkəmləndirə bilər. Gələcəkdə Azərbaycanın Cənubi Qafqazın enerji təchizatındakı rolu daha da artacaq və regionun iqtisadi inteqrasiyasında mühüm rol oynayacaq”.
Həmçinin iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bu proses Azərbaycanın strateji baxımdan məqsədyönlü siyasətinin nəticəsidir:
“Ermənistanla enerji daşıyıcıları ticarətinin başlanması və Ermənistana gedən yüklərin Azərbaycanın ərazisindən tranzit şəklində çatdırılması sülh quruculuğunun tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın regionda stabilliyə və əməkdaşlığa yönəlik doğru addımlar atdığını göstərir.
Eyni zamanda bu proses Ermənistanın enerji daşıyıcıları sahəsində Azərbaycandan müəyyən dərəcədə asılılığının formalaşmasına gətirib çıxarır ki, bu da Azərbaycanın strateji baxımdan məqsədyönlü siyasətinin nəticəsidir. Hazırda bu ticarət həcmləri çox azdır və ilk addımlar yeni atılır. Lakin bu ilkin mərhələnin uğurla başa çatması gələcəkdə ticarət əlaqələrinin daha da dərinləşməsinə zəmin yarada bilər.
Əgər Ermənistanla Azərbaycan və Türkiyə arasında sərhədlər açılarsa və ticarət əlaqələri genişlənərsə, bu, Ermənistan iqtisadiyyatına təsir göstərəcək və regionda Azərbaycanla Türkiyənin iqtisadi mövqelərini daha da gücləndirəcək. Bütün bunlar strateji baxımdan düzgün düşünülmüş və uzaqgörən addımlar hesab oluna bilər”.
Aydan Əsgərxanlı
