SOCAR-ın idarəsi qeyri-neft ixracından 374 milyon dollara yaxın gəlir əldə edib
2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 373,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın dekabr sayında məlumat verilib. Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə 35,9 milyon ABŞ dolları və ya 8,8% azdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Şaban Nəsirov bildirib ki, iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın 2025-ci ilin dekabr buraxılışına əsasən, 2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 373,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib:
"Bu göstərici 2024-cü illə müqayisədə 35,9 milyon ABŞ dolları və ya 8,8% azdır ki, bu da SOCAR xətti ilə qeyri-neft ixracında nisbi geriləməyə işarə edir. Bununla belə, SOCAR üzrə qeyri-neft ixracından əldə olunan gəlirin azalması fonunda ölkə üzrə qeyri-neft sektorunda ümumi ixrac həcminin artaraq 3,6 milyard ABŞ dollarına çatması diqqət çəkir. Dövlət Gömrük Komitəsinin qeyri-neft ixrac statistikası göstərir ki, bu artım əsasən aqrar və aqro-emal məhsulları, metallurgiya və alüminium sənayesi, kimya sənayesi məhsulları, eləcə də qida və içki istehsalı üzrə ixracın genişlənməsi hesabına formalaşıb. Paralel olaraq, qeyri-neft sektorunda fəaliyyət göstərən özəl müəssisələrin ixrac coğrafiyasının genişlənməsi və yeni bazarlara çıxışı ümumi artımı dəstəkləyən əsas amillərdən biri olub.
SOCAR-ın qeyri-neft ixrac strukturunda mühüm yer tutan karbamid məhsulları üzrə illik əsasda artım müşahidə edilsə də, 2025-ci ilin dekabr ayında bu məhsulun ixracında kəskin azalma qeydə alınıb. Bu tendensiya, bir tərəfdən, ixrac əməliyyatlarının ilin əvvəlki aylarında daha intensiv həyata keçirilməsi, digər tərəfdən isə qlobal gübrə bazarında mövsümi dalğalanmalar və qiymət dəyişkənliyi ilə izah oluna bilər. Beynəlxalq analitik icmallara görə, dünya gübrə bazarında tələbin il üzrə qeyri-bərabər paylanması və regional bazarlarda qiymətlərin oynaması karbamid ixracında aylıq göstəricilərə birbaşa təsir göstərir. Bu baxımdan, dekabr ayındakı azalma daha çox qısamüddətli və texniki xarakter daşıyır və davamlı azalma tendensiyası kimi qiymətləndirilməməlidir. Qeyri-neft ixracının 3,6 milyard ABŞ dollarına çatması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm göstərici hesab oluna bilər. SOCAR-ın illik və rüblük fəaliyyət hesabatlarında da vurğulandığı kimi, qeyri-neft sektoru üzrə ixracın artması ölkənin enerji gəlirlərindən asılılığının tədricən azalmasına şərait yaradır.Lakin bu göstəricinin uzunmüddətli dayanıqlılığı ixracın strukturundan asılı olaraq dəyişir. Əgər artım əsasən xammal və yarımfabrikat məhsullar hesabına təmin edilirsə, bu, qlobal bazarlardakı qiymət dalğalanmalarına həssaslığı qoruyub saxlayır. Dayanıqlı iqtisadi şaxələndirmə isə emal olunan, yüksək əlavə dəyər yaradan məhsulların ixracda payının artırılmasını tələb edir. Ümumilikdə, 2025-ci ildə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi üzrə qeyri-neft ixracında müşahidə olunan azalma ölkənin qeyri-neft ixracının ümumi dinamikasına sistemli risk yaratmır. Əksinə, Dövlət Gömrük Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatları göstərir ki, qeyri-neft ixracının artımı daha geniş sektorlar və iqtisadi subyektlər hesabına formalaşır ki, bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi strategiyasının mərhələli şəkildə nəticə verdiyini göstərir".
Aişə Mustafayeva
