SOCAR və Qətərin "UCC" holdinqi Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Qətərin "UCC Holding"i arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.
Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, SOCAR ilə UCC Holding arasında imzalanan memorandumun əsas məqsədi enerji sektorunda uzunmüddətli əməkdaşlığı inkişaf etdirməkdir:
“Bu əməkdaşlıq Suriyanın enerji infrastrukturu ilə yanaşı, beynəlxalq bazarları da əhatə edir. Əsas istiqamətlərə neft və qaz kəşfiyyatı, hasilat, nəqliyyat və anbarlama infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri daxildir. Bundan əlavə, tərəflər xam neft və neft məhsullarının, o cümlədən aviasiya yanacağının tədarük və treydinqi ilə məşğul olmağı, həmçinin yüksək səmərəli CCGT elektrik stansiyalarının tikintisini planlaşdırırlar. UCC-nin 2025-ci ildəbeynəlxalq podratçılar arasında ilk 50-likdə (41-ci yer) olması bu əməkdaşlığın icra potensialını artırır.
Suriyada 7 milyard ABŞ dolları həcmində enerji layihələri paketi elan edilib. Bu layihələr çərçivəsində4 000 MVt gücündə CCGT elektrik stansiyaları və 1 000 MVt gücündə günəş elektrik stansiyası tikilməsi planlaşdırılır. Hazırda Suriyanın elektrik istehsalı təxminən 1.6 QVt təşkil edir, müharibədən əvvəl isə bu rəqəm 9.5 QVt idi. Yeni layihələr tam icra olunarsa, ölkənin mövcud elektrik istehsalı 2.5 dəfə artaraq 4.0 QVt-dan çox olacaq, günəş enerjisi ilə birlikdə isə ümumilikdə 3.1 dəfə yüksələcək. Bu isə həm enerji təchizatının bərpası, həm də sosial-iqtisadi sabitliyin güclənməsi deməkdir. Bununla yanaşı, təxminən 5.5 milyard dollarlıq zədələnmiş şəbəkənin bərpası zərurətidə qalır. SOCAR və UCC Holding-in əməkdaşlığı xüsusilə yanacaq təchizatı, avadanlıq gətirilməsi və əməliyyat xidmətlərində Suriya üçün mühüm dəstək ola bilər.
Azərbaycanın Suriya bazarına çıxışı bir neçə mühüm iqtisadi imkan yaradır. İlk növbədə, 7 milyard dollarlıq layihə paketində SOCAR və Azərbaycan podratçıları yalnız 5–10% pay götürsələr belə, bu, 350–700 milyon dollar dəyərində müqavilə portfeli deməkdir. İkincisi, təbii qaz ixracı böyük perspektiv yaradır. İllik 2 milyard kubmetr həcmində qaz tədarükü planlaşdırılır. Orta hesabla 1 000 kubmetr qazın 150–250 dollara satılması şərtilə illik 300–500 milyon dollar dövriyyə mümkündür. Üçüncü istiqamət isə beynəlxalq bazarlarda mövqelərin güclənməsidir. SOCAR üçün aviasiya yanacağı, neft məhsullarının treydinqi və CCGT layihələrinin “üçüncü ölkələrdə” icrası həm coğrafi diversifikasiya, həm də gəlir mənbələrinin artırılması baxımından mühüm üstünlüklər təmin edir”.
Çimnaz Telmanqızı
