Son 2 ildə iqtisadiyyatımız 5 faiz böyüyüb- Vüqar Bayramov
“Sonuncu seçkilərdən sonra Azərbaycanda 6 milyard manatlıq yeni dəyər yaranıb. Ötən iki ildə ÜDM 123 milyard manatdan 129.1 milyard manatadək artıb. Zəfər seçkisindən sonra əvvəlki illərdə olduğu kimi Azərbaycanda sosial təminat tədbirlərinin daha dərinləşməsi və əhalinin sosial rifahının daha yüksəlməsi üçün yeni sosial paketin reallaşması həyata keçirildi. Yalnız son 2 ildə dövlət büdcəsindən sosial istiqamətə 32.7 milyard manat vəsait ayrılıb. Bu il isə sosial istiqamətə 17.1 milyard manatın ayrılması nəzərdə tutulub”.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin iclasında deyib.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu artım elə də yüksək göstərici deyil:
“Son iki ildə 5 faizlik iqtisadi artım o qədər də yüksək göstərici deyil. Görürük ki, bəzi qonşu dövlətlərdə illik artım 7-8, hətta 10 faiz civarındadır. Bu baxımdan, iki illik iqtisadi artım tempini yüksək qiymətləndirmək olmaz. Ona görə də bu artım insanların rifahına çox böyük müsbət təsir göstərə bilməyib. Amma nəzərə almaq lazımdır ki, geriləmə də ola bilərdi. Az olsa da, artımdır. Pensiyaların indeksasiyası, keçən il minimal əməkhaqqının artırılması və digər sosial addımlar məhz iqtisadi artımın olması ilə bağlıdır. Son iki ildə sosial xərclərə ayrılan 32,7 milyard manat davamlı xərclərdir. Bu vəsaitə dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqları, Pensiya Fondu vasitəsilə ödənilən pensiyalar və müxtəlif sosial ödənişlər daxildir. ÜDM-in artımı daha çox qeyri-neft sektorunun hesabına baş verir. Proqnozlar da ondan ibarətdir ki, qeyri-neft sektorunda artım qarşıdakı illərdə davam edəcək”.
Lalə Qurbanlı
