"Son zəng" tədbirlərində QADAĞA
Təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a abitruyent Murad Xudulu bildirib ki, qadağaların olması tədbirin əyləncəli keçməsinə mane olur:
"Çünki əvvəlki son zənglərə baxdıqda tədbirlər daha əyləncəli keçirdi. Çünki orada sərbəstlik var idi və hamı öz istədiyi rəngdə geyinirdi. Al-əlvan, göz oxşayan rənglərdə geyinirdilər və istədiyimiz musiqi çalınırdı. İstənilən musiqi fərqi yox idi, xarici və ya milli musiqi çalınırdı. Ancaq indi qaydalar tətbiq olunub və həmin musiqilər dəyişdirilib. Artıq yalnız milli musiqi çalınır. Buna görə də maraq bir az azalıb. Ənənəvi şəkildə qalmalı idi. Yəni indiyədək necə keçirilibsə, elə keçirilməli idi, dəyişdirilməli deyildi. Çünki dəyişdiriləndə gördük ki, maraqsız keçir. Düzdür, sərbəstlik daha çox olmamalıdır. Çünki bəzən elə sərbəstliklər olur ki, təhlükəyə gətirib çıxarır. Lakin sərbəstliyi müəyyən qədər vermək lazımdır. Çünki qadağalar qoyanda, məncə, maraq azalır".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında valideyin Hətəmova Zümrüd bildirib ki, son zəng tədbirində sərbəstlik olmalıdır:
"Qadağalar adama mane olur. Çünki bu onların məktəbdə ən son günləridir. Burada özləri istədikləri kimi hərəkət etsələr, daha yaxşı olar. Yəni müəyyən şeyləri, müəyyən qaydaları da özümüz sərbəst şəkildə yerinə yetirsək, daha yaxşı olar. Mənə elə gəlir ki, son zəngin bəzi hissəsi ənənəvi şəkildə qalmalıdır, amma bəzi hissəsi dəyişdirilməlidir. Dəyişdirilməsi də bütün 11-cilərin istəyi ilə yerinə yetirilsə, daha yaxşı olar. Fikirlər daha müasir olmalıdır. Düzdür, qadağalar da olmalıdır. Çünki həmin yaş dövrü elə bir dövrdür ki, burada qadağalar olmasa, uşaqlar sərbəst şəkildə nə istəsələr, onu da edəcəklər. Ona görə bəzi qadağalar həm valideynlər, həm də rəhbərlik tərəfindən olmalıdır. Amma müasir son zəng, məncə, daha gözəl olardı. Məncə, son zəngin az bir hissəsi rəsmi şəkildə keçməlidir. Əyləncəli hissəsi daha çox olmalıdır. Bu daha maraqlı olar və əyləncəli hissədə 11-cilərin istəyi nəzərə alınmalıdır. Son zəng tədbirinin təşkili məni qane edir. Mən çox razıyam, çünki uşaqların istəyi burada daha çox nəzərə alınıb. Bəzi geyimlərlə bağlı qadağalar var, bu da normal haldır. Məktəbin istəyi də burada nəzərə alınsa, daha yaxşı olar".
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, son zəng tədbirlərin keçirilməsi ilə bağlı müvafiq təlimatlar, qadağa deməzdim, sadəcə təlimatlar aidiyyəti üzrə təhsil müəssisələrinə göndərilib və əlbəttə, son zəng müəyyən bir mərasimdir:
" Bu da maksimum iki saat ola bilər təhsil müəssisəsində. Təhsil müəssisəsindən kənarda isə təbii ki, şagirdlər yenə də öz əlamətlər günlərini müxtəlif üsullar qeyd edə bilərlər. Halı təhsil müəssisəsində burda vahid geyim forması Məktəbli hüce forması vacibdir. Musiqi dinləmək lazımdırsa, milli musiqilərə önəm vermək lazımdır. Çalışmaq lazımdır ki, orda iştirakçılar bərabər hüquqları təmin olunsun. Hər kəs, yəni bir növ seçim olmamalıdır. Yəni biri başqa cür geyinsin, digəri başqa cür ona görə vahid geyin forması vacibdir. Qaldı ki, qaydaların səsləşdirilməsi. Təbii ki, bu da diqqətdə saxlanılmalıdır. Çünki bəzi hallarda biz əvvəlki dövrlərdə müşahidə etmişik ki, xoşagəlməz hadisələr yaşanır. Xallar baş verir və yaxud da elə musiqilər səslənir ki, təhsillə əlaqəsi olmayan musiqilər, ona görə bunlara yol vermək olmaz. Tədbirin də valideyn şagird məktəb münasibətlərinə bura qədər necə ki, bu münasibətlər qorunub saxlanıbsa, tədbirdə də eynillə öz əksini tapmalıdır. Və bu prosesin də ümumi idarə edilməsində təhsil müəssisin rəhbərliyi böyük rol oynayır. Onu diqqət yetirməli olduğu və həmin günün məsuliyyətini daha çox ki, xoşaagəlməz hallar yaşanmasın".
Selcan Xudiyeva