Sosial büdcədə 1,6 milyardlıq artım: İnflyasiya və real imkanlar
Gələn il sosial yönümlü xərclər 1,6 milyard manat artacaq. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin Sədri Akif Nəsirli bildirib ki,sosial yönümlü xərclərin 2027-ci ildə 9,2 faiz, yəni 1,6 milyard manat artırılması ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müsbət göstəricidir:
"Ancaq bu artımın əhalinin real alıcılıq qabiliyyətini nə dərəcədə qoruyacağını müəyyən etmək üçün inflyasiya amilini də nəzərə almaq lazımdır. Əgər gələn il inflyasiya 5 faiz ətrafında olarsa, sosial xərclərin 9,2 faiz artırılması nominal artımdan əlavə real artım üçün də müəyyən imkan yaradır. Lakin burada vacib məqam odur ki, sosial xərclərin ümumi artımı avtomatik olaraq hər bir vətəndaşın gəlirinin eyni nisbətdə artması demək deyil. Bu vəsaitlərin bir hissəsi sosial xidmətlərin, səhiyyə və digər dövlət proqramlarının maliyyələşdirilməsinə də yönəldilə bilər. Pensiya və sosial ödənişlərin artırılması istiqamətində artıq müəyyən konkret maliyyə göstəriciləri də açıqlanıb. Məsələn, 2027-ci ildə əmək pensiyalarının təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılması nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərə yönəldilməsi proqnozlaşdırılır. Bununla yanaşı, növbəti sosial islahat paketi üçün də büdcədə maliyyə təminatı yaradıldığı bildirilib. Lakin minimum əməkhaqqı, müavinət və təqaüdlərin konkret hansı məbləğdə artırılacağı, 1,6 milyard manatlıq ümumi artımın nə qədərinin məhz bu məqsədlərə ayrılacağı hələ tam açıqlanmayıb. 2023–2027-ci illərdə sosialyönümlü xərclərin təxminən 4 milyard manat artmasının maliyyə təminatına gəldikdə isə burada bir neçə mənbə rol oynayır. Bunlara dövlət büdcəsinin vergi daxilolmaları, qeyri-neft sektorundan əldə olunan gəlirlər, neft-qaz sektorunun büdcəyə ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna daxil olan məcburi sosial sığorta haqları daxildir. Məsələn, 2027-ci ildə DSMF-nin gəlirlərinin 9 milyard 221 milyon manat olacağı, bunun 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacağı proqnozlaşdırılır.
Burada əsas məsələ sosial xərclərin artmasının yalnız büdcə vəsaitlərinin çoxaldılması ilə deyil, iqtisadiyyatın və məşğulluğun genişlənməsi ilə də təmin edilməsidir. Qeyri-neft sektorunda istehsal və əməkhaqqı fondu artdıqca vergi və sosial sığorta daxilolmaları da yüksəlir. Bu isə sosial ödənişlərin davamlı maliyyələşdirilməsi üçün daha sağlam iqtisadi baza yaradır. Əks halda sosial xərclərin artımının əsasən neft gəlirlərindən asılı qalması uzunmüddətli perspektivdə müəyyən fiskal risklər yarada bilər. Azərbaycanın qarşısında duran əsas vəzifə sosial öhdəlikləri artırmaqla yanaşı, bu öhdəlikləri təmin edən qeyri-neft iqtisadiyyatının gəlirlərini də genişləndirməkdir".

Səkinə Musayeva