00:00:00
Yazar
Admin User
16.10.2025 08:16 194 2 dəq oxuma
Mədəniyyət

Sosial media dövründə gənc sənətşünasın imici

Sosial media dövründə gənc sənətşünasın imici

Sosial media gənc sənətkarlar üçün yalnız ünsiyyət vasitəsi deyil, həm də yaradıcılıqlarını nümayiş etdirmək və imiclərini formalaşdırmaq üçün vacib platformadır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sənətşünas Sədaqət Zaurqızı bildirib ki,sosial media bu gün həyatın bütün sahələrini əhatə edən bir platformaya çevrilib:

 

“Gənc sənətkar üçün o həm sərgi məkanı, həm də vizit kart olub. Beynəlxalq səviyyədə tanınmaq üçün orijinallıq, konseptual yanaşma və ardıcıllıq əsas şərtlərdəndir. İzləyici təkcə gözəl təsvirlərə deyil, onların arxasındakı ideyaya və düşüncəyə maraq göstərir. Sənətkarın işlərini və yaradıcılıq prosesini mütəmadi paylaşması izləyicidə etibar yaradır, onun inkişafını izləməyə həvəsləndirir. Keyfiyyətli foto,video , iki dildə paylaşımlar və peşəkar təqdimat beynəlxalq auditoriya üçün böyük üstünlükdür. Ən vacib məqam isə fərdi üslubun formalaşmasıdır-sənətkarın səsi, rəng duyumu və baxış bucağı onu digərlərindən ayırmalıdır ki, sosial mediada eyniləşməsin.

 

Bu imkanlarla yanaşı sosial media bir çox çətinlikləri də özü ilə gətirir. Gənc sənətkar çox vaxt özünüifadə ilə kütləyə uyğunlaşma arasında qalır. Görünür olmaq üçün trendlərə tabe olmaq bəzən yaradıcılıq azadlığını məhdudlaşdırır. Digər tərəfdən texniki və maddi imkanların azlığı peşəkar təqdimatı çətinləşdirir. Keyfiyyətli çəkilişlər, işıqlandırma və avadanlıqlar üçün əlavə resurs tələb olunur, bu isə karyerasının başlanğıcında olan gənclər üçün həmişə mümkün olmur.

 

Bundan əlavə sosial mediada “ideal obraz” yaratmaq təzyiqi də sənətkarı səmimiyyətdən uzaqlaşdıra bilər. Halbuki uğurlu imic məhz səmimiyyət, fərdilik və davamlılıq üzərində qurulmalıdır. Əgər sənətkar öz daxili səsinə sadiq qalırsa, onun yaradıcılığı da təbii şəkildə formalaşır və izləyicidə etibar hissi yaradır.

 

Təəssüf ki, bəzən həqiqi istedada və dərin sənət düşüncəsinə malik gənclər sosial mediada az görünür, səs-küylü, lakin məzmunsuz təqdimatlar isə diqqət mərkəzinə düşür. Nəticədə dəyərli işlər kölgədə qalır, amma səthi parıltı daha çox görünür olur. Bu səbəbdən həm sənətkar, həm də izləyici sosial mediaya tənqidi baxmağı, görünənlə dəyərlini bir-birindən ayırmağı bacarmalıdır. Parıltı həmişə dərinlik demək deyil bəzən sadəcə səthin əksidir.

 

Əslində sosial medianın trend mexanizmləri yaradıcılıq prosesinə birbaşa təsir göstərir. Sənətkar paylaşım etməzdən əvvəl düşünür: “Bu bəyənilərmi, trendə uyğundurmu?” Beləliklə, yaradıcılıq bəzən izləyicinin reaksiyasına əsasən formalaşır. Burada əsas məsələ balansı tapmaqdır. Trenddən tamamilə uzaqlaşmaq da olmaz, amma ona kor-koranə tabe olmaq da doğru deyil. Trendlər sənətkar üçün məqsəd yox, sadəcə alət olmalıdır.

 

Sənətkar işinin arxasında dayanan ideyasını, səmimiyyətini və fərdiliyini qoruyursa, istənilən trend onun yaradıcılığına xidmət edəcək. Sənət yalnız kütləyə uyğunlaşmaq üçün deyil, həm də cəmiyyəti düşündürmək, dəyərləri formalaşdırmaq və dəyişdirmək üçündür. Əsl sənətkar isə hər zaman bu ikinci yola üstünlük verməlidir yəni görünmək üçün yox, düşündürmək üçün yaratmalıdır”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər