Sosial mediada “ideal həyat” təzyiqi
Sosial media platformalarında paylaşım mədəniyyəti “ideal həyat” görüntülərinin yaranmasına səbəb olur. Gənclər və yeniyetmələr tez-tez dostlarının və tanınmış şəxslərin uğurlarını, lüks həyatını və estetik görünüşünü müqayisə edərək özlərinə qarşı təzyiq hiss edə bilirlər. Ekspertlər bildirir ki, bu, aşağı özünəinam, stress və bəzən depressiya kimi psixoloji problemlərə yol aça bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, sosial mediada “ideal həyat” obrazının yayılması müasir dövrdə gənclərin psixoloji vəziyyətinə birbaşa təsir göstərən mühüm sosial haldır:
“Bu mövzuya bir neçə aspektdən yanaşmaq mümkündür.
“İdeal həyat” görüntülərinin uşaqlar və gənclər üzərində təsiri həm təhlükəli, həm də zərərlidir. Belə ki, sosial mediada paylaşılan şəkil və videoların böyük hissəsi real həyatı deyil, seçilən və filtrdən keçirilən anları əks etdirir. Gənclər bu görüntüləri reallıq kimi qəbul etdikdə, özünəinam azalır, yəni başqalarının daha uğurlu, daha gözəl və daha xoşbəxt olduğu düşüncəsi yaranır. Daimi müqayisə hissi formalaşır, “mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi güclənir. Stress və narahatlıq artır, bəyənmə, izləyici sayı və sosial qəbul ehtiyacı psixoloji gərginlik yaradır. Uzunmüddətli təsirdə depressiv əlamətlər və sosial təcrid riski yüksəlir. Xüsusilə, yeniyetməlik dövründə şəxsiyyət formalaşdığı üçün bu təsirlər daha güclü hiss olunur. Özünü başqaları ilə müqayisə edərkən edilən əsas səhvlər sosial mediada müqayisə prosesində istifadəçilər bir sıra psixoloji səhvlərə yol verirlər. Seçilmiş reallığı ümumi reallıq kimi qəbul etməklə insanlar yalnız uğurlu və xoş anlarını paylaşır, çətinlikləri gizlədirlər. Xarici görünüşü dəyər meyarına çevirməklə filtrlər və estetik standartlar real bədən və həyat müxtəlifliyini kölgədə qoyur. Fərdi həyat şərtlərini nəzərə almayan gənclərin sosial, maddi və ailə imkanları fərqlidir. Onlar daxili dəyəri “like” və izləyici sayı ilə ölçürlər. Bu isə özünə hörmətin xarici təsdiqdən asılı olmasına səbəb olur. Bu halda valideyn və müəllimlər nə edə etməlidirlər? Əlbəttə, gənclərin sosial mediadan sağlam istifadə etməsi üçün böyüklərin rolu çox vacibdir, belə ki, əsasən maarifləndirmə işinin güzgün aparılması prioritetdir. Sosial mediada paylaşılanların tam reallıq olmadığını uşaq və gənclərə izah etmək çox vacibdir. Rəqəmsal savadlılıq və media tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməklə açıq ünsiyyətə vermək lazımdır və qadağadan çox dialoq və dinləmə yolu seçilməlidir. Uşağın hissləri və narahatlıqları ciddiyə alınmalıdır. Sosial media istifadəsi ilə idman, hobbi, real sosial münasibətlər arasında tarazlıq qurulmalıdır, özünə dəyər hissi gücləndirilməlidir. Uşağın nailiyyətlərini yalnız nəticəyə görə deyil, səylərinə və fərdiliyinə görə qiymətləndirmək lazımdır. Müqayisə yox, öz inkişafına fokuslanma təşviq olunmalıdır. Sosial mediada “ideal həyat” təzyiqi tamamilə aradan qalxmasa da, şüurlu istifadə, düzgün maarifləndirmə və emosional dəstək vasitəsilə onun mənfi təsirlərini azaltmaq mümkündür. Əsas məqsəd gənclərə başqaları ilə yarışmağı deyil, öz real potensiallarını tanımağı və qəbul etməyi öyrətməkdir”.
Banuçiçək Məmmədova
