Sosial mediada paylaşımlar risk yaradır: istifadəçilərə xəbərdarlıq
Sosial şəbəkələrdə edilən bəzi paylaşımların istifadəçilər üçün ciddi hüquqi və şəxsi problemlər yarada biləcəyi bildirilir. Xüsusilə qanunvericiliyə zidd məzmunların yayılması məsuliyyət doğurur və bu istiqamətdə maarifləndirmə vacib sayılır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosial media eksperti Səbuhi Abbasov bildirib ki, sosial mediada hüquqi məsuliyyət şəxsi məlumatların qorunması və etik davranışdan asılıdır:
“Son 15 ildə sosial media İT sahəsinin əsas alətlərindən birinə çevrilib və bu platformalar ilbəil inkişaf edərək demək olar ki, hər kəsi medianın bir subyektinə çevirib. Sosial mediada edilən paylaşımlar yalnız o halda hüquqi məsuliyyət yaradır ki, bu paylaşımlar başqalarının hüquqlarını pozur. Məsələn, təhqir, böhtan, şəxsi məlumatların icazəsiz yayılması hüquqpozuntusu hesab olunur. Eyni zamanda qanunsuz çağırışlar və müəllif hüquqlarının pozulması ilə bağlı paylaşımlar da ciddi hüquqi məsuliyyət yaradır. Gənclər arasında riskli kontentin yayılmasının əsas səbəblərindən biri diqqət çəkmək istəyidir. Bəzən trendə qoşulmaq, bəzən isə dost çevrəsinin təsiri bu cür paylaşımlara səbəb olur. Digər mühüm amil isə maarifləndirmənin yetərli olmamasıdır. Xüsusilə, azyaşlılar və yeniyetmələr üçün sosial mediadan düzgün istifadə ilə bağlı maarifləndirici proqramların hazırlanması vacibdir. Sosial mediada təhlükəsiz davranış üçün əsas qaydalardan biri şəxsi məlumatların qorunmasıdır. Bütün platformalarda təhlükəsizlik parametrləri mövcuddur və istifadəçilər bu ayarları diqqətlə öyrənib tətbiq etməlidirlər. Son dövrlərdə geniş yayılan fişinq halları, xüsusilə linklər vasitəsilə hesabların ələ keçirilməsi ciddi risk yaradır. Şirnikləndirici paylaşımlara daxil olmaq və ya naməlum linklərə keçid etmək istifadəçinin təhlükəsizliyini poza bilər. Buna görə də, etik davranış və məxfilik ayarlarına diqqət yetirmək olduqca vacibdir”.
Həmçinin ekspert bildirib ki, sosial mediada təhlükəsizlik üçün dövlət və platformalar birgə nəzarət və davamlı təkmilləşmə aparmalıdır:
“Bu kimi halların qarşısının alınması üçün həm platformalar, həm də dövlət müəyyən addımlar atmalıdır. Azərbaycanda müvafiq qurumlar - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi son illərdə bu sahədə ciddi tədbirlər həyata keçirir. Sosial media üzərində nəzarət mexanizmi söz azadlığının məhdudlaşdırılması kimi deyil, cəmiyyətin təhlükəsizliyinin təmin olunması kimi qiymətləndirilməlidir. Bir çox ölkələrdə sosial media platformalarının yerli ofisləri fəaliyyət göstərir və həmin ölkələrin qanunlarına uyğun işləyir. Bu baxımdan Azərbaycanda da bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi vacib hesab olunur. Qanunvericilik sahəsində təkmilləşdirmə işləri aparılsa da, bu proses davamlı olmalıdır. Çünki sosial media, texnologiya və xüsusilə süni intellekt sahəsi sürətlə inkişaf edir və yeni çağırışlar yaradır”.
Arzu Poladova