00:00:00
Yazar
Nərmin Həşimova
24.04.2026 20:30 54 4 dəq oxuma
Sosial

Sosial mediada təhqir: ifadə azadlığı, yoxsa hüquq pozuntusu?

Sosial mediada təhqir: ifadə azadlığı, yoxsa hüquq pozuntusu?

Son illərdə sosial media platformalarının geniş yayılması insanların ünsiyyət imkanlarını xeyli artırıb. Lakin bu azadlıq bəzən məsuliyyətsiz davranışlarla müşayiət olunur. Xüsusilə, sosial şəbəkələrdə istifadəçilər arasında təhqir, böhtan və şəxsi hücum halları getdikcə daha çox müşahidə edilir. Bu kimi hallar təkcə etik normaların pozulması deyil, eyni zamanda qanunvericilik baxımından da məsuliyyət yarada bilər. 


Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təhqiramiz ifadələrin işlədilməsi ifadə azadlığı deyil, əksinə hüquq pozuntusudur və şəxsin özünə hörmətsizliyinin göstəricisidir:


“Azərbaycan qanunvericiliyində heç kəsə başqasının şəxsiyyətini alçaltmaq, təhqir etmək və ya onun şəxsi həyatına müdaxilə etmək hüququ verilmir. Bu cür hallara görə qanunvericilikdə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur. Sosial şəbəkələrin geniş yayılması və insanların bu platformalarda aktiv iştirakı o demək deyil ki, hər kəs istədiyi formada başqalarını təhqir edə və ya onların şəxsi həyatı ilə bağlı məlumatları icazəsiz paylaşa bilər. Şəxsi həyatın toxunulmazlığı hüququ hər bir halda qorunmalıdır. Mövcud problemlərdən biri də sosial şəbəkələrdə anonimliyin geniş yayılmasıdır. Bəzi istifadəçilər kimliklərini gizlədərək etik normalara uyğun olmayan davranışlar sərgiləyirlər. Lakin anonimlik heç bir halda təhqir üçün əsas ola bilməz. Bu məsələ daha çox insanın tərbiyəsi, əxlaqı və məsuliyyət hissi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, bu problem yalnız gənclərlə məhdudlaşmır. Müxtəlif yaş qruplarına aid insanlar arasında da bu cür hallara rast gəlinir. Ümumilikdə, etik dəyərlərə malik olan şəxs istənilən mühitdə - istər sosial şəbəkədə, istərsə də, real həyatda bu cür davranışlardan uzaq durur. Bu kimi halların qarşısını almaq üçün qanunvericilik və nəzarət mexanizmləri daha da təkmilləşdirilməlidir. Sosial şəbəkələr müasir həyatın ayrılmaz hissəsinə çevrildiyi üçün bu sahədə hüquqi tənzimləmələr də aktual olmalıdır. Xüsusilə, anonim istifadəçilərin məsuliyyətə cəlb olunmasını təmin edən mexanizmlər hazırlanmalıdır. Yalnız bu halda cəmiyyətdə məsuliyyət hissi güclənəcək, təhqir və etik normaların pozulması halları azalacaq və bu kimi neqativ davranışlar digərləri üçün də nümunə olmayacaqdır”.


Həmçinin hüquqşünas Fuad Xəzani oğlu Məmmədov da öz fikirlərini qeyd edib ki, sosial mediada təhqir və böhtan ifadə azadlığı kimi qiymətləndirilmir:


“Əksinə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquq pozuntusu hesab olunur və cinayət məsuliyyəti yaradır. 
Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, böhtan-yəni yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların kütləvi çıxışlarda, mediada və ya internet informasiya ehtiyatında yayılması, 148-ci maddəyə görə isə təhqir - yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyəti daşıyır və cərimə, ictimai işlər və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xüsusilə, sosial şəbəkələrdə saxta profillərdən edilən təhqir və böhtan da ayrıca məsuliyyət yaradır. Belə ki, Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilən və ya belə məlumatlar gizlədilən, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılan istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Təhqir və tənqid arasında əsas hüquqi fərq ondadır ki, tənqid faktlara əsaslanan, ictimai maraq daşıyan və şəxsin şərəf və ləyaqətini alçaltmayan fikirlərdir. Təhqir isə nalayiq formada, şəxsin şərəf və ləyaqətini qəsdən alçaldan ifadələrdir və bu, cinayət məsuliyyəti yaradır. Sosial şəbəkədə yazılan hər bir söz hüquqi məsuliyyət yaratmır. Yalnız təhqir və böhtan xarakterli, yəni başqasının şərəf və ləyaqətini alçaldan və ya nüfuzdan salan məlumatlar kütləvi şəkildə yayıldıqda cinayət məsuliyyəti yaranır. Şəxsi yazışmalarda və ya yalnız bir şəxsə ünvanlanan fikirlər isə bu kateqoriyaya aid edilmir və cinayət əməli kimi qiymətləndirilmir”.


Cavahir Əsgərbəyli

#sosial şəbəkə #böhtan #qanunvericilik #məsuliyyət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər