Sosial medianın insan psixologiyasına təsirləri: Asılılıq, müqayisə və emosional yorğunluq
Sosial media müasir insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qurur, informasiya əldə edir və özlərini ifadə edirlər. Bununla yanaşı, sosial medianın həddindən artıq və problemli istifadəsi diqqət, emosional vəziyyət, özünəqiymət və sosial münasibətlərə mənfi təsir göstərə bilər. Xüsusilə gənclər arasında başqalarının həyatını öz həyatı ilə müqayisə etmək, bəyənmə və reaksiyalara həddindən artıq əhəmiyyət vermək müxtəlif psixoloji problemlərə yol aça bilər. Bəs sosial medianın insan psixologiyasına əsas təsirləri nələrdir və sosial şəbəkələrdən istifadə hansı hallarda asılılığa çevrilir?
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, Sosial media insanın emosiyalarına, diqqətinə, özünü qiymətləndirməsinə və sosial münasibətlərinə təsir edə bilər:
“Bir tərəfdən sosial media insana əlaqə, informasiya, münasibətlərin gücləndirilməsi, dəstək və özünüifadə imkanı verə bilər. Məsələn, uzaqda olan dostlarımızla ünsiyyət, ailə ilə əlaqə, özünü tək hiss etdiyi zaman sosial dəstək tapa bilər. Digər tərəfdən, həddindən artıq problemli istifadə zamanı, sözsüz ki, diqqətin bölünməsinə, yuxusuzluğun çoxalmasına, narahatlıq və emosional yorğunluğa, bədən və görünüşlə bağlı narazılığa səbəb ola bilər. Çünki istər-istəməz baxdığımız zaman müqayisələrə yol veririk. Müqayisə artdıqca ailəmizlə, özümüzlə, həyatımızla bağlı müqayisələr yaranır. Like-lara və reaksiyalara həddindən artıq əhəmiyyət vermək yarana bilir və bizim üçün artıq sosial şəbəkədə baş verən situasiyalar önəmli olmağa başlayır. Xüsusilə də gənclərdə qeyri-real gözəllik standartlarının formalaşması, zərərli məzmunlara istər-istəməz marağın və diqqətin artması belə mənfi təsirlərin yaranmasına gətirib çıxara bilər. Ancaq bu, düzgün deyil ki, sosial media depressiya yaradır. Bu, hər kəsə məxsus olan bir şey deyil. Sosial media hər kəsə zərərli deyil. Sözsüz ki, bunun faydalı tərəfləri var və faydalı şəkildə istifadə edən, həyatına xeyri dəyən insanlar da var. Çünki sosial media vasitəsilə öz biznesini, öz əl bacarıqlarını, qabiliyyətlərini sərgiləyən insanlar var”.
Psixoloq həmçinin bunu da qeyd edib ki, buradakı əsas mexanizmlərdən biri mükafat gözləntisidir:
“Bildiriş gəlir biz baxırıq, “like” gəlir, bu bizim xoşumuza gəlir. Maraqlı bir video çıxır qarşımıza, biz onu maraqla izləyirik. Növbəti video daha maraqlı gəlir bizə. Biz artıq yönəlirik sosial şəbəkəyə. Yəni insan hər dəfə nə ilə qarşılaşacağını dəqiq bilmədiyi üçün dəyişkən və gözlənilməz mükafat sistemi istər-istəməz istifadəni uzada bilir. Məsələn, darıxdığımız zaman sosial mediaya girilməsi, özümüzü tənha hiss etdiyimiz zaman başqalarının həyatına baxaraq oradakı situasiyalara diqqət yetirməyimiz və yaxud stress keçirdiyimiz anda videolara davamlı olaraq baxmağımız, fikrimizin qarışması, yəni diqqətimizin və fikrimizin dağılması üçün sosial şəbəkədən istifadə etməyimiz bizi bir növ asılı hala gətirib çıxarır. Bir növ insan sosial mediadan bəzən emosional ehtiyaclarını tənzimləmək üçün də istifadə edir. Bir az öncə sadaladığım həmin situasiyalar kimi. Problemli istifadəçi davamlı olaraq, dayanmadan sosial şəbəkədən istifadə edir. Çox aralıqlı, çox böyük bir saat ərzində sosial şəbəkədən istifadə edir. Yuxusunu belə sosial şəbəkə üçün fəda edir və təhsilinə, gələcəyinə mane olur. Telefonla sosial şəbəkədə çox uzun zaman keçirir. Bu artıq ciddi asılılığa, bağımlılığa gətirib çıxarır. Bəzən biz sosial mediaya əylənmək üçün girmirik ki, özümüzdə hiss etmək istəmədiyimiz bir emosiyadan qaçmaq üçün də sosial şəbəkəyə yönələ bilərik. Bir az öncə vurğuladım ki, duyğularımızdan, emosiyalarımızdan qaçmaq üçün də biz sosial şəbəkəyə axışa bilərik”.
Nabat Mirzəyeva onu da bildirib ki, ən böyük problem odur ki, insan öz həyatının pərdəarxasını başqasının həyatının vitrini ilə müqayisə edir:
“Biz anlamırıq, diqqət etmirik ki, bu situasiyada bizim gördüyümüz sadəcə vitrindir, sadəcə ön hissədir. Yəni pərdəarxasında nələr baş verir, nələr yaşanır, biz bilə bilmirik. Sosial mediada biz adətən insanın ən uğurlu, ən gözəl, ən xoşbəxt anlarını görürük. Amma öz həyatımızın uğursuzluqlarını, narahatlıqlarını, problemlərini özümüz bilirik. Amma qarşı tərəfin paylaşdığı videodakını biz bilə bilmirik. “Hamının həyatı yaxşıdır, yalnız mənim həyatımda problemlər var”, - deyə düşünürük. Biz hətta bu düşüncə ilə yaşamağa başlayırıq. Bu isə istər-istəməz özünəinamın, həyata narazılığın, paxıllıq və qısqanclıq hissinin, “mən geridə qalmışam” düşüncəsinin, bədən görünüşümüzə qarşı narazılığın artmasına, insanlarda münasibətlərə baxıb qısqanclığın yaranmasına gətirib çıxara bilər. Biz başqalarının həyatı ilə öz həyatımızı müqayisə etməməliyik. Hər kəsin yaşadığı, sosial şəbəkədə paylaşılan hər kadrın arxasında mütləq bir hekayə var və o həmin insanın duyğuları, hissləri olduğunu və yaşadığı hekayələrdə də mütləq bir kadr arxasında baş verən situasiyaların olduğunu unutmamalıyıq. Yəni sosial media insanın həyatını yox, öz həyatına baxışını dəyişə bilər və istər-istəməz biz öz həyatımıza ən gözəl baxışı yaratmalıyıq. Öz inkişafımıza, öz dəyərimizə, özümüzü maarifləndirməyə görə sosial şəbəkədən istifadə etdiyimiz zaman bunun bizə faydası olacaqdır. Ancaq başqalarının həyatı ilə müqayisə, öz vəziyyətimizi, ruhumuzu, yaşadıqlarımızı müqayisə etdiyimiz zaman və çoxlu saatlar sərf etdiyimiz zaman zərər olacaqdır”.
Güllər Gülhüseynova