Sosial müqayisə sindromu: “ideal həyat” illüziyası insan psixologiyasını necə dəyişir?
Son illər sosial şəbəkələrin geniş yayılması ilə insanlar arasında öz həyatını başqalarının “ideal” görünən həyatı ilə müqayisə etmək tendensiyası daha da güclənib. Mütəxəssislər bu halı “sosial müqayisə sindromu” kimi qiymətləndirir və bunun insanın özünə inamı, psixoloji vəziyyəti və həyat keyfiyyəti üzərində ciddi təsirə malik olduğunu bildirirlər.
Mövzu ilə bağlı “İnformator.az” a müsahibəsində psixoloq Əsmayə Hüseynzadə bildirir ki, sosial şəbəkələr insanların həyatlarının ən parlaq, ən uğurlu və ən xoş anlarını nümayiş etdirdiyi bir platformaya çevrilib:
“Burada paylaşılan görüntülər çox vaxt reallığın tam mənzərəsini əks etdirmir, seçilmiş və idealizə olunmuş hissələri göstərir. İnsan beyni isə bu görüntüləri real həyatla müqayisə etməyə meyillidir. Psixologiyada bu proses “sosial müqayisə” mexanizmi adlanır. İnsan özünü dəyərləndirmək üçün başqalarının həyatını ölçü vahidi kimi qəbul edir. Davamlı olaraq başqalarının uğurlarını, gözəl görünüşünü və xoşbəxt anlarını görmək insanda “mən geri qalmışam” düşüncəsini formalaşdırır. Bu isə zamanla narazılıq, özünü dəyərsiz hiss etmə və psixoloji gərginlik yaradır. İnsan öz gündəlik həyatını başqalarının sosial mediada paylaşdığı “ideal kadrlarla” müqayisə etdikdə özünü natamam və uğursuz hiss edə bilər. Bu müqayisə özünəinamın zəifləməsinə, insanın öz görünüşündən, həyat şəraitindən və nailiyyətlərindən narazı qalmasına səbəb olur. Nəticədə qısqanclıq, məyusluq, narahatlıq, hətta depressiv hisslər yarana bilər. İnsan düşünür ki, digərləri daha xoşbəxt, daha uğurlu və daha dəyərlidir. Halbuki sosial mediada görünən həyat çox vaxt filtrdən keçmiş görüntüdür. Bu fərqi dərk etmədikdə emosional balans pozulur və insan öz real həyatının dəyərini görməkdə çətinlik çəkir. İlk növbədə qəbul etmək lazımdır ki, sosial mediada paylaşılan görüntülər həyatın tam reallığını əks etdirmir. İnsanlar əsasən uğurlu və xoş anlarını paylaşırlar. Bu həqiqəti anlamaq sosial müqayisənin təsirini azaltmağa kömək edir. Bundan əlavə, sosial şəbəkələrdə keçirilən vaxtın məhdudlaşdırılması, diqqətin şəxsi inkişaf və real həyatdakı nailiyyətlərə yönəldilməsi vacibdir. İnsan özünü başqaları ilə deyil, öz inkişaf yolu ilə müqayisə etməlidir. Eyni zamanda mənfi emosiyalar yaradan məzmunlardan uzaq durmaq və özünü olduğu kimi qəbul etməyi öyrənmək psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayır. Çünki insanın dəyəri başqalarının nümayiş etdirdiyi görüntülərlə deyil, onun öz daxili potensialı ilə müəyyən olunur”.
Ədilə Hüseynzadə