00:00:00
Yazar
Zəhra Həsənova
28.09.2026 16:58 51 2 dəq oxuma
Araşdırma

Sosial şəbəkələrdə sürətli qazanc vədləri : "Aviator" nümunəsi

Sosial şəbəkələrdə sürətli qazanc vədləri : "Aviator" nümunəsi

Sosial şəbəkələrdə son dövrlər “az yatır, çox qazan” vədi ilə fəaliyyət göstərən səhifələrin sayı artır. Bu səhifələr əsasən Aviator kimi onlayn oyunlar vasitəsilə qısa müddətdə yüksək qazanc əldə etməyin mümkün olduğunu iddia edirlər. "İnformator.az" əməkdaşı mövzunu araşdırmaq məqsədilə belə səhifələrdən biri ilə əlaqə saxlayıb:

 

İnstagram üzərindən fəaliyyət göstərən hesab özünü “təlimatçı” kimi təqdim edərək Aviator oyununda moderatorların verdiyi siqnallar vasitəsilə qazanc əldə etməyin mümkün olduğunu bildirdi. Yazışma zamanı mənə minimum depozitin 30 manat olduğu, cəmi 35 dəqiqə ərzində isə minimum 380 manat və daha çox qazanc əldə ediləcəyi deyildi.

 

Araşdırmanın növbəti mərhələsində hesabın etibarlılığını yoxlamaq üçün müxtəlif suallar ünvanladım. Kart sahibinin kim olduğunu və vəsaitin necə idarə edildiyini soruşdum. Hesab sahibi kartın “sistemin kartı” olduğunu bildirdi və etibarlılıq yaratmaq məqsədilə şəxsiyyət vəsiqəsinin fotosunu göndərdi. Lakin vəsiqənin həmin şəxsə məxsus olub-olmadığını təsdiqləmək mümkün olmadı.

 

Təcrübənin davamı olaraq 30 manat məbləğində vəsait köçürüldü. Bir müddət sonra mənə 960 manat “qazanc əldə etdiyim” barədə məlumat verildi və kart nömrəm istəndi. Ancaq vəsaitin köçürülməsi mərhələsində yeni şərt ortaya çıxdı. Bildirildi ki, qazancın çıxarılması üçün əlavə olaraq 105 manat “rüsum” ödənilməlidir.

 

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu rüsum ilkin yazışmalarda açıq şəkildə göstərilməyib. Əlavə ödəniş etməkdən imtina etdikdə isə qazancın və hətta yatırılan 30 manatın geri qaytarılmasının mümkün olmadığı bildirildi.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, internet üzərindən sürətli və yüksək qazanc vədləri ilə fəaliyyət göstərən bəzi səhifələr istifadəçiləri əlavə ödənişlər etməyə sövq edə bilər. Bu səbəbdən vətəndaşların naməlum şəxslərə pul köçürməzdən əvvəl diqqətli olmaları, vədlərin reallığını araşdırmaları və riskləri nəzərə almaları tövsiyə olunur.

 

Bu kiçik araşdırma göstərdi ki, sosial şəbəkələrdə təqdim olunan hər qazanc vədi etibarlı olmaya bilər. Xüsusilə, qazanılmış məbləğin çıxarılması üçün sonradan əlavə ödəniş tələb edilməsi istifadəçilərin ehtiyatlı davranmasını zəruri edir.

 

Sevgi İbrahimova

#baki #vədləri #şəbəkələrdə #sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər