Sosial şəbəkələrdə ChatGPT ilə bağlı yayılan izlənmə iddiaları
Son zamanlar sosial şəbəkələrdə geniş yayılan iddialardan biri də süni intellekt platforması olan ChatGPT-nin istifadəçiləri “izləməsi” ilə bağlıdır. Paylaşımlarda iddia olunur ki, kamera açıq olmadığı halda belə, ChatGPT istifadəçinin qarşısında olan əşyaların rəngini və ya nə olduğunu müəyyən edə bilir. Bu fikirlər qısa müddətdə böyük maraq və eyni zamanda narahatlıq yaradaraq informasiya təhlükəsizliyi, şəxsi məxfilik və süni intellektin real imkanları ilə bağlı sualları yenidən gündəmə gətirib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, Bu iddialar əsasən iki növ narahatlıq formalaşdırır bunlardan ilki məxfilik qorxusudur:
“İnsanlarda belə bir təəssürat yaranır ki, süni intellekt arxa planda onların həyatını izləyə və şəxsi məlumatları qeydə ala bilər. Bu isə texnologiyaya olan inamı zədələyir. Cəmiyyətin bir hissəsi AI sistemlərinin necə işlədiyini tam anlamadığı üçün manipulyativ iddialar daha sürətlə yayılır. Bu da süni intellektlə bağlı əsassız panika yarada bilər. Qorxu və məlumatsızlıq AI innovasiyalarının qəbul olunmasını ləngidir, yeni texnologiyaların tətbiqinə qarşı müqavimət yaradır. Süni intellekt platformalarının buna icazəsi yoxdur və bu, həm texniki, həm də hüquqi baxımdan mümkün deyil. Texniki baxımdan ChatGPT yalnız istifadəçi tərəfindən daxil edilən məlumatı emal edir. Kamera, mikrofon, qalereya kimi funksiyalara çıxış isə yalnız sistemdən alınan açıq icazə ilə mümkündür. Bu icazə verilmirsə, tətbiq və ya model heç bir əlavə məlumat əldə edə bilmir. Hüquqi baxımdan isə bütün aparıcı AI platformaları GDPR, CCPA kimi ciddi məlumat mühafizəsi qanunlarına tabedir. İcazəsiz məlumat toplamaq hüquqi məsuliyyət və ağır cərimələr yaradır. İstifadəçi icazəsi olmadan kamera, mikrofon və şəxsi fayllara müdaxilə qadağandır.
Başqa sözlə, süni intellekt “gizli şəkildə” heç nə görə və ya izləyə bilməz. İstifadəçinin açıq razılığı olmayan hər hansı texniki müdaxilə həm təhlükəsizlik protokolları, həm də qanunlar tərəfindən tamamilə bloklanır”.
Səadət Əlizadə
