Sosial şəbəkələrdə “micro-influencer” trendi və brendlərin strategiyası
Sosial şəbəkələrdə auditoriyası kiçik, amma etibarlılığı yüksək olan micro-influencerlər son illər brendlərin diqqət mərkəzinə çevrilib. Gənclər ənənəvi reklamdan daha çox özlərinə yaxın hesab etdikləri insanlara inanır və bu da marketinq strategiyalarını dəyişdirir. Artıq şirkətlər böyük influencerlərə deyil, daha real və izləyiciləri ilə aktiv ünsiyyət quran istifadəçilərə üstünlük verir.
Mövzu ilə bağlı influencer Səba Abıyeva "İnformator.az" saytına açıqlamasında bildirib ki, gələcəkdə bu trend daha da populyarlaşacaq, insanlar real tövsiyələri üstün tutacaq:
"Micro-influencerlərin populyarlaşmasının əsas səbəbi insanların artıq daha səmimi, əlçatan və real kontentə üstünlük verməsidir. Böyük influencerlərdəki kimi kütləvi, bəzən süni görünən paylaşımlar yerini daha gündəlik, daha real həyat tərzini əks etdirən postlara verir. Mənim kimi micro-influencerlərin auditoriyası az olsa da, daha sadiqdir və tövsiyələrimizi reklama görə deyil, real istifadəçi fikri kimi qəbul edir. Məhz buna görə brendlər də son illər böyük influencerlərdən çox micro-influencerlərlə işləməyə yönəlir. Onlar daha yüksək engagement, daha hədəfli auditoriya, daha sərfəli büdcə və daha təbii görünən reklam əldə edirlər. Bizim paylaşdığımız məzmun real həyatın içində olduğu üçün insanlar məhsulu və ya xidməti daha rahat qəbul edir.
Bu trend gələcəkdə reklam bazarını ciddi şəkildə dəyişəcək. Artıq izləyici sayı yox, auditoriya ilə münasibət və etibar ön planda olacaq. Brendlər kütləvi kampaniyalardan çox, yüzlərlə micro-influencerin yaratdığı kiçik, amma güclü icmalara üstünlük verəcəklər. Reklam bazarı daha çox “community marketing” modelinə keçəcək — uzunmüddətli əməkdaşlıqlar, brend səfirləri və sadiq izləyici icmaları. Qısacası, gələcəyin reklamı daha az şou, daha çox real insanların real tövsiyələri üzərində qurulacaq".
Ayisə Şərifova
