“Sosial şəbəkələrdəki saxta məlumatlar ictimai rəyə təsir edir”
D.Jiyenkulov bildirib ki, Prezident Kasım-Jomart Tokayevin Vaşinqton, Moskva və Pekin səfərlərinin ardından sosial şəbəkələrdə təbii sərvətlərin bölüşdürülməsi və müstəqilliyin itirilməsi ilə bağlı saxta məlumatlar yayılıb.
Onun sözlərinə görə, bu feyklər ictimai rəyi manipulyasiya edir. Jiyenkulov əlavə edib ki, məqsədləri yoxlanılmış məlumatları operativ çatdırmaqdır və bunun üçün sosial şəbəkələrdən istifadə edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirib ki, təbii ki, saxta xəbərlər və dezinformasiyalar bu gün dünyada ən çox müzakirə edilən mövzulardandır və xüsusən media sahəsində son illər artan tendensiyalar, süni intellektin inkişafı, eyni zamanda sosial şəbəkələrin həyatımızın ayrılmaz bir parçasına çevrilməsi, saxta xəbərlər və dezinformasiyalar da, çox geniş yer ayırıb və təkcə Qazaxıstan nümunəsində deyil, bütövlükdə bütün dünya ölkələrini ən çox düşündürən mövzu budur və saxta xəbərlərin sürətlə yayımlanmasının bir neçə səbəbi var:
“Bunlardan birincisi cəmiyyətin saxta xəbərlərə qarşı immunitetinin formalaşmamasıdır, media savadlılığının hələ tam olaraq dünyada o dərəcədə inkişaf etməməsidir və eyni zamanda insanların da, saxta xəbərlərə daha çox reaksiya verməsi ilə bağlıdır. Təbii ki, saxta xəbərlərin qarşısının alınması baxımından burada media subyektlərinin üzərinə çox böyük yük düşür. Media subyektləri daha da, diqqətli olmalıdır, media subyektləri daha operativ olmalıdır ki, hansısa bir sosial şəbəkədə hansısa bir media subyektində, saxta xəbər yayımlanırsa, həmin dəqiqə ona adekvat reaksiya vermək lazımdır ki, həmin saxta xəbərin qarşısı alınsın. Bu baxımdan da təbii ki, təkcə Azərbaycan deyil, ümumilikdə, Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrə qarşı informasiya hücumları olur. Xüsusən Qərbdən Azərbaycan və türk dünyasını sevməyən ölkələrdə biz bunun mütəmadi olaraq şahidi oluruq. Belə olan təqdirdə əslində, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Bakıda görüşün keçirilməsi, media sahəsində görüşün keçirilməsi çox əhəmiyyətlidir. Azərbaycanda bu sahədə aparıcı güclərdən biridir. Azərbaycanın təcrübəsindən həmin ölkələr də, istifadə edə bilərlər “.
Reyhan Quliyeva
