Sosial-siyasi elmlərin müasir çağırışları
Bakıda “Müasir çağırışlar fonunda sosial-siyasi elmlər: fikirləşdirmə mərkəzləri, akademik elm və universitetlər” mövzusunda dairəvi masa keçirilib. Tədbirdə aparıcı elmi qurumların, universitetlərin, analitik mərkəzlərin rəhbərləri və müstəqil tədqiqatçılar iştirak edərək sosial-siyasi elmlərin inkişaf istiqamətlərini, mövcud problemləri və qarşıdakı çağırışları müzakirə ediblər.
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, müasir dövrün yaratdığı çağırışlar Azərbaycanda yüksək səviyyədə nəzərə alınır:
“Həm milli strategiyalarda, həm də Prezident İlham Əliyevin çıxışlarında ölkənin elm tutumlu və innovativ inkişaf modeli aydın şəkildə ifadə olunur. Elm və texnologiya sahəsində institutların yaradılması, mövcud müəssisələrin gücləndirilməsi və tədqiqat infrastrukturunun yenilənməsi bu strategiyanın əsas sütunlarını təşkil edir. Azərbaycanın elmi ənənəsi, alim potensialı, texniki kadr bazası və cəmiyyətin elmə marağı bu inkişafın reallaşması üçün əlverişli zəmin yaradır. Dövlətin bu sahədə siyasi iradəsi də kifayət qədər güclüdür. Elm sahəsində aparılan islahatlar təkcə akademik müstəviyə deyil, ekologiya, sənaye, mədəniyyət və digər sahələrə də birbaşa təsir göstərir”.
Ekspert hesab edir ki, bu gün dünyada gedən texnoloji proseslərə adekvat cavab vermək üçün mövcud elmi potensial gücləndirilməlidir:
“Dövlət innovasiya yönümlü tədqiqatlar üçün şərait yaradır, elmi fəaliyyətin genişlənməsi üçün mexanizmlər formalaşdırır və bu proses cəmiyyətin elmə bağlılığını artırır. Lakin universitetlərin bir çox fakültələrinin hələ də ənənəvi tədris modelinə əsaslanması yeni yaranan sahələrə uyğun kadr hazırlığını çətinləşdirir. Bu isə dövrün tələblərinə cavab verən yeni ixtisasların, müasir mütəxəssis bazasının formalaşdırılmasını zəruri edir. Bu istiqamətdə ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyasının üzərinə mühüm missiya düşür. Elmi mərkəzlərin fəaliyyətinin gücləndirilməsi, innovativ layihələrin hazırlanması və düşüncə mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi sosial-siyasi elmlərin inkişafına ciddi töhfə verə bilər. Ölkədə bu sahədə görülən tədbirlər, eləcə də dövlət başçısının elm siyasətinə xüsusi diqqəti mövcud potensialın daha səmərəli dəyərləndirilməsinə imkan yaradır”.
Fatimə Hüseynli
