Sovet dövrü jurnalistikasında yanlışlıqlar var
İNFORMATOR.AZ-ın "Əməkdar jurnalist" rubrikasının qonağı BDU-nun jurnalistika fakültəsinin dosenti, əməkdar jurnalist Qərənfil Dünyaminqızıdır.
Qərənfil Quliyeva 1964-cü ildə Qəbələ rayonunda dünyaya göz açıb. Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti, elmlər doktorudur.
1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Dövrü mətbuatda ilk dəfə 1974-cü ildə çıxış edib, 1984-cü ildən isə müntəzəm yazıları çap olunur. 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri olub. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2023-cü ildə elmlər doktoru diplomunu alıb.
Mətbuat tariximizlə bağlı maraqlı araşdırmalar aparırsınız. Bu araşdırmalar zamanı sizin diqqətinizi cəlb edən araşdırma nə olub?
Bu araşdırmalar arasında məni ən çox maraqlandıran Əlimərdan bəy Topçubaşov və Həsən bəy Zərdabi idi. Xüsusilə, Həsən bəy Zərdabinin jurnalistika sahəsini seçməsi və qəzet çap etməyi qərara alması. Çünki o, Moskva Dövlət Universitetində təbiətşünaslıq üzrə elmmi iş müdafiə edən ilk azərbaycanlı tələbə idi. Onun bu sahəni seçməyinin səbəbinə gəldikdə, Həsən bəy bilirdi ki, qəzet cəmiyyətin, mətbuatın formalaşmasında böyük rol oynayır.
Azərbaycan Xalq Cümhuriyyətindən bəhs etsək, xüsusilə, Şəfiqə xanımı qeyd edərdim. O dövrün yeganə qadın jurnalisti və publisisti idi. Şəfiqə xanımın yazıları əsasən, dövlətçiliyə, müstəqilliyimizin qorunub saxlanması, Qarabağ məsələləri və qadınlarımızın təhsilə cəlb edilməsi ilə bağlı idi. Daha sonra Nəsib bəy Yusifbəylinin xanımı Şəfiqə xanım Qasbirallı haqqında etdiyim maraqlı araşdırmalar oxucularımız tərəfindən çox bəyənilmişdi. Həmin xanım İsmayıl bəy Qasbirallının qızı olmuşdu. İsmayıl bəy Qasbirallı bütün türk dünyasının böyük Turan dünyası olması üçün Nijni-Novqorodda Rusiya Müsəlmanlarının Qurultayını keçirməsində böyük rolu olmuşdur. Digər yazılarıma olan təşəkkürlər, xüsusilə, tələbələrim tərəfindən olması mənim üçün böyük uğurdur. Çünki onlar gələcəyimizin jurnalistidirlər və jurnalist kimi mətbuatımızın tariximizi bilməlidirlər.
Mətbuatımızın hansı tarixini "qızıl dövrü" hesab edirsiniz?
Əksər tədqiqatçılarımızın fikrincə, 1905-1907-ci illər və Azərbaycan Xalq Cümhuriyyəti mətbuatımızın qızıl dövrüdür. 1905-1907-ci illər ona görə ki, həmin ildə hökümət ölkədəki çaxnaşmalara görə, Nikolay manifestini imzalamağa məcbur oldu. 1905-ci ildə imzalanan manifestdən bizim ziyalılar çox gözəl şəkildə istifadə etdilər. "Əkinçi" qəzetindən sonra rus Çar Senzurası bizə daha bir mətbuat orqanı yaratmağa icazə vermirdi. Bu manifestdən "Həyat" qəzeti fəaliyyət göstərməyə başladı. Mətbuatımızın ikinci qızıl dövrü isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü idi. İlk dəfə olaraq, 1918-ci ilin noyabrında senzura ləğv edilməsi ilə mətbuatımız senzuranın cəngindən xilas oldu. 1919-cu ilin oktyabrın 30-da mətbuat haqqında nizamnamə qəbul edildi. Məhz bu iki dövr məbuatımızın inkişafında böyük rol oynadı.
"Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası" mövzusunda dissertasiya işi müdafiə etmisiniz. Araşdırmalarımıza əsasən, cümhuriyyət dövründəki mətbuatımızı necə görürsünüz?
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatımız bir çox uğurlara imza atıb. 1918-ci ilin noyabrında senzura ləğv edildi. Uzun müddət ərzində Çar Rusiyası mətbuatımızın yaranmasının qarşısını almaq üçün uzun bir sədd çəkmişdi. Milli mətbuatımızı yaratmaq üçün ziyalılarımız bir çox çətinliklərlə üzləşmişdilər. 1919-cu ilin oktyabrın 30-da mətbuat haqqında nizamnamənin qəbul edilməsi Azərbaycan mətbuatının inkişafını tənzimləyən, onu düzgün istiqamətləndirən ilk hüquqi sənəd idi. Həmin dövrdə mətbuata verilən azadlıqdan sui-istifadə istifadə edən bolşevik mətbuatı demokratik dövlətin süqutuna yol açdı. Onlara maddi və mənəvi dəstək Rusiya Sosial Demokrat Fəhlə Partiyasından gəlirdi. Cümhuriyyət dövründə ziyalılarımız tərəfindən cəmiyyətdə baş verən bütün hadisələr, nöqsanlar, uğurlar hamısı dövrü mətbuatda doğru şəkildə öz əksini tapırdı. Buna misal olaraq, "Azərbaycan" qəzetini misal göstərə bilərik ki, 1918-ci ildə Üzeyir bəy Hacıbəyli tərəfindən redaktorluğu edilən bu qəzetdə bu mövzuda yüzlərlə məqalə var. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat cəmiyyətdə nəyə qadir olduğunu geniş şəkildə əks etdirdi. Təbii ki, Cümhuriyyət dövründə mətbuatın inkişafında nöqsanlar olsa da, lakin bu sadaladıqlarımızın hamısı həmin dövr üçün böyük uğurlar idi.
Oxucular "Kaspi" qəzetində nəşr edilən hansı yazılarınızı diqqətə layiq görüb?
"Kaspi" qəzetində ilk dəfə 2012-ci ildə Azərbaycan mətbuatının yaranmasında, onun inkişafında, formalaşmasında əməyi olan jurnalistlərimiz, publisistlərimiz haqqında silsilə şəklində yazılarım çap olunub. Mənim bu yazım seminarlar zamanı tələbələrimə böyük dəstək olub. Tələbələrim məhz bu yazılarımdan seminarlarıma hazırlaşarkən istifadə edirlər. Ümumiyyətlə, mətbuat tarixi ilə bağlı olan yazılar sonradan kitab halına salınaraq hazırda jurnalistika fakültəsində tələbələrimiz tərəfindən imtahanlara, seminarlara hazırlaşarkən istifadə olunur.
Qərənfil xanım, bizi dha hansı araşdırmalarınız gözləyir? Yeniliklər barədə danışmanızı istərdik.
2018-ci ildə Azərbaycanda mətbuatşünaslıq adlı monoqrafiyam çap olundu. Bu bütöv XX əsri əhatə edən monoqrafiyadır. XX əsrdə Azərbaycan mətbuatşünaslığının yaranması, inkişafı, keçdiyi yol, üzləşdiyi çətinliklərin hamısı burada əks etdirilib. Hal-hazırda həmin monoqrafiyanın üzərində daha geniş şəkildə işləmişəm və sentyabr-oktyabr aylarında çap etmək fikrim var. Digər məqalələrim də mətbuat tarixi ilə bağlıdır. Çünki mətbuatımızın elə maraqlı, qaranlıq səhifələri var ki, hələ uzun illər ərzində üzərində tədqiqatlar aparılmalıdır. Bizim mətbuatımız uzun müddət ərzində sovet dövründə tədqiqata cəlb edilib. Nəticədə, sovet dövründə isə sovet ideologiyasına uyğun tədqiqatlar aparılıb. Həmin əsərlərdə yanlışlıqlar mövcuddur. Düzdür, onlardan öyrənə-öyrənə mən də öz Azərbaycan mətbuatşünaslıq monoqrafiyamı ərsəyə gətirsəm də, lakin onlarda yalnız birtərəfli, yəni sovet ideologiyasına uyğun yanaşma var. Buna mətbuatımız tədqiqata cəlb edilməli, dövrlərə bölünsə daha da gözəl olar. Məsələn, 1905-ci ildən başlaya və yaxud da ondan əvvəlki illəri də əhatə edə bilər. Çünki "Əkinçi" qəzetinin özünü də sovet mətbuatında bolşevik mətbuatı kimi qeyd ediblər. Hətta Molla Nəsrəddini görkəmli alim Nazim Axundov və digərləri də bolşevik mətbuatı kimi tədqiq edirdilər. Ona görə dövrlərə bölərək Əkinçidən bugünümüzə qədər, yəni yenidən müstəqilliyimizin bərpa olunduğu dövr, Birinci Dünya müharibəsi dövrü, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, daha sonra qeyri-obyektiv tədqiqata cəlb edilən Sovet dövrü mətbuatımız da daxil edilməlidir. Bu dövrümüz tam obyektiv şəkildə tədqiqatlara cəlb edilməli, həmin dövrün jurnalistlərinin fikirləri, onların fəaliyyətləri geniş şəkildə tədqiq edilərək cəmiyyətə təqdim edilməlidir.
Fatimə Mustafayeva
