Sərhəddə yaşayanlar sülh istəyir
İsrail-Fələstin münaqişəsinin kəskinləşdiyi bir dönəmdə hər kəs bir şey paylaşır. Qərəzli, qərəzsiz, bilgili, bilgisiz. 13 il öncə bir qrup jurnalist həmkarımla həmin bölgəyə səfər etdim. Problemi hər iki tərəfdən müşahidə edib yazılar hazırlayırdıq. O dönəm yazdığım məqalələrdən birini paylaşıram. Hesab edirəm ki, hələ də aktualdır. Yaxın Şərqdə də sülhün bərqərar olması diləyi ilə..
Sərhəddə yaşayanlar sülh istəyir..
Əl-Amari qaçqın düşərgəsi Fələstin Muxtariyyətinin mərkəz şəhəri sayılan Ramallahın yaxınlığında yerləşir. Bu düşərgə fələstinli qaçqınların sığındığı on iki düşərgədən biridir. 1948-49-cu illərdə salınan düşərgənin 22 hektar ərazisində 6.5 min qaçqın yaşamağa məcburdur.
Düşərgənin ən yaşlı sakinlərindən olan 80 yaşlı Əbdülfəttah Mustafa qaçqın düşməzdən əvvəl Yafa adlanan Köhnə şəhər yaxınlığında Eleddə yaşayıb. Soruşuram ki, Təl-Əviv şəhərindəki Yafanımı deyir? Fələstinli qoca içini çəkib deyir ki, Təl-Əviv şəhəri sonradan salınıb, əslində ora fələstinlilərin torpaqları olub:“Mənim Eled şəhərində portağal bağlarım var idi, fermer idim. Təhlükəsiz yaşayırdıq. Sonra yəhudilər bizim torpaqda məskunlaşmağa başlayıb qovdular bizi. Torpaqlarımız zəbt olunandan sonra mən ailəmlə birgə Qəzzaya köçdüm”. Əbdülfəttah Qəzzadan da köçəsi olur, 1967-ci il savaşından sonra bu düşərgəyə sığınır. Əbdüfəttah Mustafa 80 illik ömrünün 52 ilini qaçqınlıqda keçirib. Yaşadığı çətinliklərə rəğmən o, şükr edir.
Düşərgədə iki məktəb var, biri oğlanlar üçün digəri də qızlar üçün. Qaçqın düşərgəsində xəstəxana yoxdur, sadəcə poliklinika var. Digər düşərgələrdə olduğu kimi burada da qaçqınlar beynəlxalq qurumların yardımı hesabına dolanırlar. BMT-nin Fələstin qaçqınlarına yardım agentliyi də Fələstində qaçqın problemi yaranandan bölgəyə humanitar yardım edir. Agentliyin sədri Christopher Guinnes deyir ki, fələstinlilər öz torpaq haqlarını əldə edənədək, dövlət qurulanadək onlara yardım ediləcək. Agentliyin əməkdaşı Yusif Huşiya hesab edir ki, bu düşərgələrdə insanların dincəlməyə belə yerləri yoxdur: “İşsizlik də baş alıb gedir. Biz bəzilərini işlə təmin etsək də problem mövcuddur. Fələstin qaçqınlarının ümumi sayı 5 milyondur. Və bizim agentlik bütün bölgədən olan fələstin qaçqınlarına yardım edir, təşkilata hər il 450-500 milyon dollar pul ayrılır”.
30 nəvəsi olan Əbdülfəttah deyir ki, nədənsə onun bu yardımlardan xəbəri yoxdur. Fələstinli qoca deyir ki, bu düşərgədə qaçqınların sosial durumu ağırdır: “İsraillilər öz əhalisinin necə qayğısına qalır, onların tibbi sığortası, xəstəxanaları hər şey yerindədir. Amma bizim düşərgədə heç xəstəxana da yoxdur. Mənim nəvəm məktəbə gedir, amma bir sinifdə 40-dan çox uşaq olursa nə dərs keçiləcək orda”. Əbdülfəttah deyir ki, burda hərbi xidmət yoxdur: “Təhlükədə yaşasaq da, yalnız polislər var ki, onlar gənclərimizə bəzi təlimlər verirlər. Ümidimiz yalnız Allahadır: “Axı kimdən kömək istəyək, hamı bizi qovur, yəhudilər, ingilislər, hətta ərəb ölkələri belə”. Bütün çətinliklərə rəğmən o. hələ də inanır ki, doğma torpağına qayıdacaq, portağal bağlarında gəzəcək. Özü görə bilməsə övladlarına bu günü arzulayır.
İsrail-Fələstin münaqişəsinin həllində yardımçı rol oynayan kvratetin (ABŞ, Rusiya, Avropa Birliyi, BMT) üzvü Avropa Birliyinin Fələstin nümayəndəliyinin sədri Christian Berger deyir ki, əsas fəaliyyət istiqamətlərindən biri də sülhə nail olduqdan sonra qaçqınların yerləşdirilməsi məsələsidir. Hələlik 80 yaşlı fələstinli qaçqın Əbdülfəttah kimi digər fələstinlilər də öz torpaqlarına qayıdı sülh içində yaşamaq arzusu ilə yaşayırlar.
Fələstinlilərlə sərhəddə yaşayan yəhudilər də Yaxın Şərqdə sülh istəyir. Qəzza zolağından 5 km aralıda yerləşən Sderot sərhəd şəhərində yaşayan israillilər sığınacaqlarda yaşayırlar. Sderot şəhərinin mer müavini Şalom Alavi deyir ki, 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Buxara, Ukraynadan, Qafqazdan olan yəhudilərdən bura köçənlər oldu və təbii işsizlik və digər problemlər ortaya çıxdı: “Amma bizi daha thlükəsizlik məsələsi narahat edir. 2001-ci ilin aprel ayından bu şəhərə Qəzza zolağından bombalar atılır. Mindən çox ev dağılıb, amma siz bu evləri görə bilməyəcəksiniz, çünki hökumət təmir elətdirib”.
Şalom Alavi deyir ki, 2001-ci ilin aprelində sonuncu savaşdan sonra 400 raket atılıb bu şəhərə: “Hazırda evlərdə 1500 təhlükəsiz otaq tikilib. Siz heç elə bir ölkə görə bilməzsiniz ki, onun bir şəhərində bombadan qorunmaq üçün sığınacaqlarda yaşasınlar. Sderotun 23 min əhalisi var. Biz təhlükədə olsaq da heç vaxt şəhəri tərk etməyəcəyik, çünki bizim ayrı şəhərimiz, ölkəmiz yoxdur”.
Özbəkistan yəhudiləridən olan Raya Keyrakova 12 ildir ki, Sderotda yaşayır. İki dəfə Kassam bombasından zərər çəkən sakin burda yaşamağın çox ağır olduğunu deyir: “Mən bilmirəm burda yaşamağa necə davam edim, çox çətindir, işsizlik bir tərəfdən təhlükə bir tərəfdən”.
13 yaşlı Yaniv Azran isə çiynini çəkərək deyir ki, bilmirəm niyə bura bomba atırlar: “Yəqin onların başı xarabdır. Böyüklərimizdən sorşuruq onlar deyir ki, evdən çox aralıda oynamayaq, təhlükəlidir. Mən bu şəhəri sevirəm, bura mənim doğma şəhərimdir”.
2005-ci ildə İsrail Qəzza zolağından çəkiləndən sonra Avropa Birliyi Sərhəd Yardım missiyası yaradıldı ki, Misir, Qəzza arasında sərhəddin monitorinqini etsin. Amma üç ildir ki, missiya işini dayandırıb. Avropa Birliyi Sərhəd Yardım missiyasının sədr müavini Leo Kortesalmi deyir ki, 2007-ci ildən Həmas qruplaşması Qəzza zolağına nəzarət edəndən monitorinqlər dayandırılıb: “Halbuki hər il bu missiyaya iki milyon avro pul ayrılır”.
Sderot şəhərinin mer müavini Şalom Alavi deyir ki, beynəlxalq qurumların yazığı gəlib Qəzzaya maddi yardım edir, sadə camaaatın ehtiyaclarını ödəmək əvəzinə Həmas bu pula silah alır:
“Biz sülh içində yaşamaq istəyirik. Dua edirik ki, Qəzzada fələstinlilər də sülh içində yaşasınlar. Terror qruplaşmasının əsarətindən qurtulsunlar. Qəzzada fələstinlilərlə münasibətimiz çox yaxşı olub. Beynəlxalq qüvvələr terror qruplaşmasını danışığa çağırsınlar biz hazırıq onlarla bir masada razılığa gəlməyə”.
Hələliksə, Yaxın Şərqdə fələstinlilərlə israilliləri eyni istək-SÜLH birləşdirsə də sülhə gedən yollar ayrıdır. Konfliktdən ən çox zərər çəkənlərsə sadə insanlardır- qaçqınlar və sərhəd yanı ərazilərdə məskunlaşanlar.
Səbinə İzzətli (Yaxın Şərq, 2010)
.png)
.png)
.png)
