00:00:00
Yazar
Nərmin Həşimova
31.07.2026 11:03 208 2 dəq oxuma
Maraqlı

Əsrlərdir dəyişməyən həqiqət

Əsrlərdir dəyişməyən həqiqət

Həyatın ayrılmaz hissəsinə çevrilən bu mövzu haqqında yüzlərlə zarafat, lətifə və əhvalat danışılıb. Görünən odur ki, əsrlər keçsə də, bu "ənənə" dəyişmək fikrində deyil. Qadının dırdırı nə yaş tanıyır, nə də zaman. Gənclikdə də var, qocalıqda da. Hətta bəzən elə olur ki, insan öz-özünə düşünür: "görəsən, mən hansı günahın cəzasını çəkirəm?"
"Çıxıb gedim" desən, olmur. Bu yaşdan sonra ayrılsan, yenə yeni bir münasibət qurmalı olacaqsan və bir müddət sonra yenə eyni ssenari təkrarlanacaq. Deməli, dırdırdan qaçış yolu yoxdur.

 

Ona görə də kişi ya səbr etməli, ya da altdan almağa çalışmalıdır. Çünki etiraz etdikcə məsələ daha da böyüyür. Dırdırın özünəməxsus 3 mərhələsi vardır: 1) uşaqkən anadan eşidərsən, 2) gənclikdə sevgilidən eşidərsən, 3) evləndikdən sonra bir ömür həyat yoldaşından eşidərsən. Dırdır elə bir "silahdır" ki, onu kiçiltmək olmaz. Bu, insanı yavaş-yavaş razı salan, fikrini dəyişən bir təsir mexanizmidir. Kişi qadının dırdırla nail olmaq istədiyi məqsədin qarşısını ala bilməz. Sadəcə, onu bir qədər gecikdirə bilər. Sonda isə yenə qadının istədiyi olar. Kişi də öz-özünə "yenə məğlub oldum" deyə düşüncülərə qərq olar. Bu həqiqəti vaxtında anlayan azsaylı kişilər isə dırdıra fürsət vermədən qadının istəklərini yerinə yetirirlər. Beləcə, həm uzun mübahisədən, həm də sonrakı peşmançılıq hissindən xilas olurlar. Kişilərin dırdıra verdiyi cavablar da yaşadıqları münasibətin mərhələsinə görə dəyişir. Yeni başlayan münasibətdə baş üstə, canım, uzunmüddətli münasibətdə “yaxşı, əzizim” , evlilikdə “ay qadın, bir az sakit ol da!”, qocalıqda isə “nə?, sən nə dedin?”. Bu mövzu üzərində işləyərkən bir dostumun anası ilə də fikir alış-verişi etdim. Mənə olduqca maraqlı bir cavab verdi. "Biz danışmayıb sussaq, onda da kişilər narazı qalacaqlar." Deyəsən, dünyanın hər yerində bu məsələ eyni cürdür. Çünki mövzu bağlı araşdırma edərkən xarici mətbu orqanların birində dərc olunmuş maraqlı bir xəbər qarşıma çıxdı. Belə ki, Çində yük maşını sürücüsü işləyən Çjou adlı bir kişi Yantszı çayında bərə ilə gedərkən həyat yoldaşının dırdırına dözməyərək özünü çaya atıb. Təxminən bir mil üzdükdən sonra sahilə çıxmağı bacarıb və deyib: "elə bildim öləcəyəm, amma bu, həyat yoldaşımın dırdırını dinləməkdən yaxşıdır."
Anlayacağınız, dırdırdan qaçış yolu yoxdur. Ona görə də taleyinizlə barışın, gülümsəyin və həyatın bu "əzəli ənənəsi" ilə yaşamağı öyrənin.


Ürfət Mirzəyev

#gündəm #yeni #dəyişməyən #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər