Sərmayə qoymağa dəvət edib
Azərbaycan Cənubi Koreya şirkətlərini ölkədə bərpa olunan enerji mənbələri layihələrinə sərmayə qoymağa dəvət edib. Bildirilib ki, energetika nazirinin müavini Orxan Zeynalov və Cənubi Koreyanın səfiri Kan Kim Qu Bakıda keçirilən görüşdə energetika sahəsində əməkdaşlığın inkişaf imkanlarını müzakirə ediblər. Məlumatda qeyd olunub ki, səfir Kan Kim Qu iki ölkə arasında energetika sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Diplomat iki ölkənin təkcə bərpa olunan enerji sahəsində deyil, energetika sektorunun bütün istiqamətlərində birgə həyata keçirə biləcəyi layihələrin öyrənilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan təkcə Cənubi Koreyanı dəvət etmir:
“Azərbaycan həm də İtaliya, Türkiyə və İngiltərə şirkətlərini dəvət edib. Hansı ölkənin təcrübəsi varsa, Azərbaycan onu dəvət edib. BƏƏ və Səudiyyə Ərəbistan da burada iştirak edib. Burada çox böyük texnologiyadan söhbət getmir. Enerji strategiyasının Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan öz enerji strategiyasını tərtib edib və özünə partnyorlar axtarıb. Azərbaycanın planları var ki, enerjinin 30%-ni bərpa olunan enerjiyə çevirsin. 2020-ci ilin əvvəllərində bu planlar qurulub. Günəş panelləri və külək turbinləri kimi məsələlərdə də əlavə edib enerjinin 12-13%-ni alıb. Azərbaycanın iqtisadi sahədə enerji müstəqilliyi təmin olunub. Planlarımızdan biri mazut və qazı alternativ istiqamətlərdə istifadə etməkdir”.
Aygün Babayeva
