00:00:00
Yazar
Admin User
04.02.2026 17:17 126 3 dəq oxuma
Sosial

Səsə qarşı həssaslığın səbəbləri və müalicəsi

Səsə qarşı həssaslığın səbəbləri və müalicəsi

Son dövrlər bir çox insanın gündəlik həyatında rastlaşdığı problemlərdən biri də səsə qarşı həddindən artıq həssaslıqdır. Bəzi şəxslər üçün adi məişət səsləri belə narahatlıq, gərginlik və diqqət pozuntusu yarada bilir. Bu halın səbəbləri və insan sağlamlığına təsiri isə mütəxəssislərin diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı nevroloq Röyanə Quluzadə “İnformator.az”a açıqlamasında bildirib ki, xroniki səs çirklənməsi sinir sistemini stress vəziyyətinə salaraq səsə həssaslıq, psixoloji pozuntular və bir sıra nevroloji xəstəliklərin kəskinləşməsinə səbəb olur:

 

“İnsanın sağlamlığına ətraf mühit faktorları çox ciddi təsir edir və bunlar arasında səs faktoru da çox vacibdir. Belə ki, insan səs çirklənməsinə də müasir dövrdə məruz qalır. Bu, insanda müəyyən xroniki xəstəliklərə, xüsusilə, sinir sisteminin xroniki xəstəliklərinə səbəb olur. Normada belə qəbul edirik ki, insan beyni əlli desibelə qədər olan səsləri rahat qəbul edir və bu səslər insan beyni üçün narahatedici deyil. Lakin müasir şəhər mühitində, ofislərdə küçənin səsləri, maşın səsləri çox ciddi dərəcədə səs çirklənməsinə səbəb olur. Belə ki, şəhər insanı əlli desibeldən yüksək səslərə xroniki məruz qalır. Nəticədə, sinir sistemi və endokrin sistem ciddi dərəcədə zədələnir. Bir müddətdən sonra insanda səsə həssaslıq yaranır. Bunun tibbdə adı hiperakuziyadır. Yəni sinir sistemi, daxili qulaq o qədər yüksək səsə məruz qalır ki, artıq sinir sistemi həssaslaşır və buna görə insan orqanizmi, xüsusilə beyin bu çirklənməni bir stress kimi qəbul edir. Stress nəticəsində bizim orqanizmimizdə qoruyucu mexanizm işə düşür. Bu amiqdala böyrəküstü vəzi aksisidir ki, nəticədə adrenalinin yüksək kortizolu və adrenalin ifrazı orqanizmdə kəskin sürətlə yüksəlir. Bildiyimiz kimi, bunlar stress hormonlarıdır və bu hormonların uzunmüddətli xroniki istehsalı orqanizmdə dəyişikliklərə səbəb olur.

 

Xroniki səs çirklənməsinə məruz qalan insanlarda tədricən səsə həssaslıq, əsəbilik, baş ağrıları, yuxu pozuntuları, arterial təzyiqin tez-tez dəyişməsi, yüksəlməsi, birdən-birə düşməsi, xroniki ağrılara meyllilik kimi vəziyyətlər yarana bilir. Bu cür səslərə həssas olan xüsusi bir qrup insanlar var ki, onların ümumiyyətlə, səsə dözümlülüyü çox azdır. Xüsusilə, miqrendən əziyyət çəkən insanların səsə həddindən artıq həssaslığı var. Yüksək səs-küy miqren olan insanın baş ağrılarının yenidən başlamasına səbəb olur. Eyni zamanda təşviş pozuntusu, panik atak, depressiya, diqqətsizlik, hiperaktivlik sindromundan əziyyət çəkən, uşaqlar arasında autizm spektr pozuntusundan əziyyət çəkən uşaqlar səs həssaslığı yaşayırlar və səsin nisbətən uzunmüddətli yüksək olması onlarda bu xəstəliklərin kəskinləşməsinə və fəsadların yaranmasına səbəb olur”.

 

Ekspert qeyd edib ki, bunun qarşısını almağın bir sıra yolları mövcuddur:

 

“Bəs bunun qarşısını almaq üçün nə etməliyik? Əlbəttə ki, ilk növbədə xroniki səs çirklənməsi, yüksək səsdən uzaq olmalıyıq. Müəyyən müddət özümüzə dinclik, sakitlik verməliyik. Yəni şəhərdən uzaqlaşmalıyıq. Kənd şəraitində, səssizlikdə, küçə səsləri, maşın səsləri olmayan tam sakit bir mühitdə bir müddət mütləq şəkildə dincəlmək lazımdır. Çox səs-küylü yerlərdə səsin qarşısını alan xüsusi qulaqcıqlardan istifadə etmək lazımdır və relaksasiyaedici metodlardan istifadə etmək lazımdır. Yəni stressi azaltmaq üçün yoqa, pilates, xüsusi relaksasiyaedici musiqi dinləmək kimi stressi idarə edən psixoloji üsullardan istifadə edərək hiperakuziya və onun verdiyi fəsadlardan qorunmaq mümkündür”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər