“Ssenari yazanda ağladım”
Azərbaycan televiziya məkanında ilk dəfə olaraq 44 günlük Vətən müharibəsinə həsr edilən hərbi serial tamaşaçılara təqdim olunub. Xəzər Televiziyasının sifarişi ilə çəkilən “Qardaş andı” serialı real döyüş hadisələrini bədii hekayələr ilə birləşdirərək, müharibənin insan talelərində buraxdığı izləri ekrana gətirib.
“Qardaş andı” serialı ideya müəllifi və baş ssenarist Gəray Həsən, layihə rəhbəri və əsas rollardan birinin ifaçısı Cövdət Şükürov, eləcə də aktyor Sənan Əlləzin birgə yaradıcılıq məhsuludur.

Serialın ideya müəllifi, ssenaristi və rejissoru Gəray Həsən layihənin yaranma prosesindən "İnformator.az"a danışarkən bildirib ki, ideya tamamilə real bir hekayədən doğub:
“Bizə 44 günlük zəfərlə bağlı serial sifariş olunmuşdu. Sonra qərara gəldik ki, bu hekayə 33 bölüm olsun. İdeyanın yaranmasına səbəb isə Xəzər TV-də yayımlanan verilişlərin birində studiyaya gələn bir ailə oldu. Qadın tibb bacısı idi, müharibə başlayanda hərbiyə getmək istəyirdi. Yoldaşı başqa sahədə işləyirdi, amma onu tək qoymamaq üçün o da cəbhəyə yollanır. Orada əkiz qardaşlarla bağlı bir hekayə yaşayırlar".
Serialın süjet xətti yalnız bu hekayə ilə məhdudlaşmır. Ssenarist qeyd edib ki, marağı artırmaq üçün əlavə personajlar da yaradılıb:
“Xüsusi təyinatlılardan ibarət yeddi nəfərlik qrup yaratdıq. Bir az "yeddi oğul" motivinə göndərmə etdik. Səhra hospitalında çalışan tibb işçilərinin də öz hekayəsi var. Personajların hamısı süjetin bir yerində bir-biri ilə qovuşur".
Döyüş səhnələrinin çəkilişləri serialın ən çətin mərhələsi olub. Rejissor bu səbəbdən Müdafiə Nazirliyinin dəstəyini xüsusi vurğulayıb:
“Bizi silah-sursatla, geyimlə tam təmin etdilər. Bir ay təlim keçdik, necə hərəkət etmək lazımdır, silahdan necə istifadə olunmalıdır. Mənim özümün də serialda beş bölümlük rolum var idi".
İdeya müəllifi ssenarini yazan zaman yaşadığı emosional anı da gizlətmir:
“Ssenarini Reyhan İsayeva və Könül Məmmədova ilə birlikdə işləyirdik. Lakin Xüsusi Təyinatlılar olan hissəni mən özüm yazmaq qərarına gəldim. Birinci dəfə idi ki, ssenari yazanda ağladım. Mən sentimental insan deyiləm. Amma elə bir yer var idi ki, çox təsirli idi. Mənim üçün serialın ən təsirli anı da məhz o səhnə oldu".

Serialın baş rollarını canlandıran aktyor Sənan Əlləz “Qardaş andı”nı Azərbaycan televiziyası üçün mühüm hadisə adlandırıb. Aktyor bildirib ki, bu layihə onun karyerasında xüsusi yer tutur:
“İlk dəfədir ki, bir serialda iki obraz, əkiz qardaşları - Leytenant Seymur Abdullayev və baş leytenant Teymur Abdullayevi canlandırıram. 33 seriya boyunca onların həyatını yaşamaq həm fiziki, həm də mənəvi baxımdan çox çətin idi".
Sənan Əlləz serialın məsuliyyətindən və təsirli məqamlarından də danışıb:
“Biz zabitlərin döyüş həyatını, onların keçdiyi yolu tamaşaçıya göstərirdik. Bu, böyük məsuliyyətdir. Şəhidlərimizi, qazilərimizi, müharibə veteranlarını özümüzə nümunə seçmişik. Döyüşçülərimin gözümün qarşısında şəhid olması, Gəncəyə raket zərbəsinin səhnəsi və 31-ci seriyada baş verəcək hadisə mənim üçün çox ağır idi. Tamaşaçılar bunu görəndə nə demək istədiyimi anlayacaqlar".

Serialda gizir Həmidli Sənan obrazını canlandıran Tural Ələkbərov isə çəkilişlərin mənəvi ağırlığını ön plana çəkib:
“Bu obrazı canlandırmaq çox çətin idi. Rolun təsirindən uzun müddət çıxa bilməyəcəyimi düşünürəm. Biz yağışda, qarda, soyuqda çəkiliş etdik. Amma bunu deməyə haqqımız yoxdur. Çünki Azərbaycan əsgəri bunu real döyüşdə günlərlə yaşayıb".
Tural Ələkbərov aktyorlarla əsgərlər arasında yaranan doğmalığı da xüsusi qeyd edib:
“Biz əsgərlərlə birgə yemək yedik, birgə yatıb-oyandıq. Səngər yoldaşı idik. Bu doğmalıq seriala da keçib”.
33 seriyadan ibarət “Qardaş andı” serialının ilk bölümü 26 dekabrda yayımlanıb. “Qardaş andı” Vətən müharibəsinin ağrısını, qürurunu və qəhrəmanlıq ruhunu birbaşa danışanların dili ilə tamaşaçıya çatdıran tarixi layihədir.
Ayan Sədi
