Startapların hədəfi: Qazaxıstan bazarına maraq artır
Azərbaycan startaplarının Qazaxıstan bazarına marağının artmasının əsas səbəblərindən biri iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsidir. Rəqəmsal iqtisadiyyat, elektron ticarət, logistika və “Orta Dəhliz”in inkişafı bu istiqamətdə yeni imkanlar yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Qazaxıstanın böyük bazarı və inkişaf edən texnologiya mərkəzləri Azərbaycan startapları üçün yeni perspektivlər açır.
“Azərbaycan Mərkəzi Asiya bazarlarına çıxış baxımından Qazaxıstanı mühüm tərəfdaş kimi görür. Xüsusilə rəqəmsal iqtisadiyyat, elektron ticarət, logistika və “Orta Dəhliz” startaplar üçün yeni imkanlar yaradır”.
İqtisadçının sözlərinə görə, Qazaxıstana maraq göstərən Azərbaycan startapları əsasən maliyyə texnologiyaları, elektron ticarət, süni intellekt, informasiya texnologiyaları, logistika və aqrotexnologiya sahələrində fəaliyyət göstərirlər.
“Xüsusilə süni intellekt və avtomatlaşdırma sahəsində fəaliyyət göstərən startapların regional bazarlara çıxmaq imkanları daha genişdir. Logistika və aqrotexnologiya sahəsində çalışan startaplar da iki ölkə arasında artan ticarət və nəqliyyat əlaqələrindən faydalana bilərlər”.
Akif Nəsirli qeyd edir ki, Qazaxıstan bazarına daxil olarkən yerli bazarın xüsusiyyətləri, rəqabət mühiti, hüquqi və vergi tələbləri nəzərə alınmalıdır.
Ekspertin fikrincə, CEME kimi akselerasiya proqramları startapların bazarı öyrənməsinə, investor və tərəfdaşlarla əlaqə qurmasına, həmçinin məhsullarını yerli tələblərə uyğunlaşdırmasına kömək edə bilər.
Güllüzar Nəbili