Stereotiplər qadınların qarşısını necə kəsir?
Azərbaycanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 70-ci sessiyasında iştirak edirlər. Sessiyada gender bərabərliyi, qadınların hüquqlarının qorunması, onların ədalətə çıxışı, informasiya almaq imkanlarının genişləndirilməsi və s. kimi mövzularda müzakirələr keçirilib.
Mövzu ilə bağlı gender üzrə mütəxəssis Aydan Məmmədova bildirib ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyası sessiyalarında gender bərabərliyinin daha çox hüquqi tərəfləri nəzərə alınır:
“Azərbaycandakı mövcud vəziyyətə baxdıqda isə burada daha çox mentalitet və stereotiplərin rol oynadığını görürük. Çünki cəmiyyətdə müəyyən statusa sahib olan qadınlar öz hüquqlarını bildikləri üçün gender bərabərliyini qoruya bilirlər. Lakin elə qadınlar da var ki, öz hüquqlarından xəbərdar olmadıqları üçün onları müdafiə etməkdə çətinlik çəkirlər. Ümumiyyətlə qeyd etmək istərdim ki, hazırda cəmiyyətimizdə bəzi qadınlar gender bərabərliyini yanlış şəkildə anlayırlar. Halbuki gender bərabərliyi hüquqi anlayışdır və qanun onu qoruyur. Bəzi hallarda isə bu anlayış geyim, davranış və ya qadın və kişi rollarının qarışdırılması kimi qəbul edilir. Bu isə düzgün yanaşma deyil. Digər tərəfdən, bəzi qadınlar var ki, məcburiyyət qarşısında həm ana, həm də ata rolunu yerinə yetirirlər. Bu, istisna hal kimi qiymətləndirilməlidir. Lakin bəzi hallarda qadınların öz rollarından əlavə kişi rollarını da üzərlərinə götürməsi cəmiyyətdə müəyyən balansın pozulmasına səbəb olur. Bu, həm mənəvi, həm də bəzən maddi baxımdan özünü göstərir. Hüquqi baxımdan isə qeyd etmək olar ki, Azərbaycanda gender bərabərliyi müəyyən dərəcədə qorunur. Bu gün qadınlar sərbəst şəkildə öz fikirlərini ifadə edə, təhsil ala və istədikləri sahədə fəaliyyət göstərə bilirlər. Müxtəlif qadın klubları və maarifləndirici görüşlər də bu istiqamətdə mühüm rol oynayır”.
Həmçinin mütəxəssis bildirib ki, qadınların ədalətə çıxışı və hüquqlarının qorunması sahəsində əsas problemlərdən biri maarifləndirmənin zəif olmasıdır:
"Bir çox qadınlar öz hüquqlarını bilmir və bu səbəbdən onları müdafiə etməkdə çətinlik çəkir. Halbuki insan yalnız bildiyi hüququ müdafiə edə bilər. Ədalət məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, ədalət yalnız qadınların deyil, həm qadınların, həm də kişilərin birgə iştirakı ilə təmin olunmalıdır. Gender bərabərliyi də məhz bu balans üzərində qurulmalıdır. Eyni zamanda, informasiya əldə etmək imkanlarının genişlənməsi qadınların həm sosial, həm də iqtisadi fəallığına müsbət təsir göstərir. Sosial baxımdan bu onların yeni insanlarla tanış olmasına, fikir mübadiləsi aparmasına şərait yaradır. Bu proses müəyyən mənada psixologiyada “qrup terapiyası”na bənzəyir, çünki insanlar bir-birinin təcrübəsindən öyrənirlər. İqtisadi baxımdan isə bu gün çoxlu sayda qadın öz biznesini qurur və ya müxtəlif sahələrdə fəaliyyət göstərir. Təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur və bu da qadınların inkişafına müsbət təsir edir. Qadınlar arasında yaranan həmrəylik və qarşılıqlı dəstək də onların daha inamlı addımlar atmasına kömək edir. Belə beynəlxalq müzakirələrin real nəticə verməsi üçün ölkə səviyyəsində maarifləndirici tədbirlərin keçirilməsi vacibdir”.
Son olaraq mütəxəssis vurğulayıb ki, bu tədbirlər dövlət qurumları, qeyri-hökumət təşkilatları və ya fərdi təşəbbüslər vasitəsilə təşkil oluna bilər:
“Qadın klublarının yaradılması, hüquqi və psixoloji maarifləndirmə tədbirlərinin keçirilməsi, gənc qızlar və yeniyetmələr üçün xüsusi proqramların təşkili mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu proseslərdə kişilərin də iştirak etməsi vacibdir. Çünki gender bərabərliyi yalnız qadınların deyil, cəmiyyətin ümumi məsələsidir və hər iki tərəfin iştirakı ilə daha effektiv şəkildə təmin oluna bilər”.
Arzu Poladova