00:00:00
Yazar
Nərmin Həşimova
03.04.2026 21:27 19 4 dəq oxuma
Sosial Özəl

Subasmalar zamanı vətəndaşa dəyən zərəri kim ödəyəcək? - AİDİYYƏTİ QURUMLARDAN AÇIQLAMA

Subasmalar zamanı vətəndaşa dəyən zərəri kim ödəyəcək? - AİDİYYƏTİ QURUMLARDAN AÇIQLAMA

Ölkə ərazisində yağan güclü və aramsız yağışlar  bəzi ərazilərdə fəsadlar yaradıb. Xüsusilə yaşayış məntəqələrində subasma halları qeydə alınıb, evlərə və həyətlərə su dolub.  Zərərçəkən sakinlər yaranan vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, kanalizasiya  sistemləri yağış sularını vaxtında çəkə bilmir, nəticədə su evlərə dolur və sakinlərə ciddi maddi ziyan  dəyir.

 

Zərərçəkənlər “İnformator.az”a bildiriblər ki, əşyalarımız yararsız haldadır: 

 

“Bizə çox ziyan dəyib. İndi məcburiyyətdən başqa yerlərdə qalmağa məcburuq. Kimə müraciət edirsən deyir, bizlik deyil.İçəridə əşyalarımız hamısı məhv oldu getdi".

 

Məsələ ilə bağlı “İnformator.az”a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələlər təbii ki,  problemlər yaradır və ayrı-ayrı maddi ziyan çəkən vətəndaşlara dəstək mexanizmləri olmalıdır:

 

“Burada birinci növbədə məsuliyyət məsələsi dəqiqləşməlidir. Biz də onun tərəfdarıyıq ki, çoxsaylı qurumların hansısa bir funksiyanı yerinə yetirməməsi məsuliyyətini də kimsə daşımamaqdadır. Məsələn, körpü altı su ilə dolubsa, bunu ya körpünü çəkən qurum, yaxud da konkret onu istismar edən qurum məsuliyyət daşımalıdır. Yəni yağışdan öncə bunun hansısa fəsadlarını aradan qaldırmaq və ya tikilərkən layihəsi verilərkən bunun düşünülüb-düşünülmədiyi nəzərə alınmalıdır. Yaxud da evləri su basırsa, vətəndaşlar müəyyən hallarda əgər sığorta olunubsa, bununla bağlı sığorta qurumlarına müraciət etməlidir və sığorta qurumları da onların bu müraciətlərini dəyərləndirib kömək etməlidir. Çünki bu təbii fəlakətdən bir çox ziyan çəkən iş adamları, ayrı-ayrı vətəndaşlar və xüsusilə də mülki şəxslər olur. Ona görə bu məsələ ətrafında da, müəyyən qərarlar olmalıdır. Çünki dövlət təbii ki, bu fəsadların aradan qaldırılması üçün çox ciddi işlər görür və gecə-gündüz bütün dövlət qurumları bu prosesi qaydaya salmağa çalışırlar. Amma kifayət edici şəkildə önləyici addımlar atılmalıdır ki, vəziyyət bu həddə gəlib çatmasın”, -deyə deputat əlavə edib.


“İnformator.az”a açıqlama verən hüquqşünas Əli Hüseynov isə bildirib ki, belə hallarda zərərin ödənilməsi bir neçə hüquqi və institusional mexanizm çərçivəsində həyata keçirilir:


"Hazırkı qaydalara ,əsasən, təbii fəlakət nəticəsində dəyən ziyanı dövlət  yalnız ayrıca qərarla kompensasiya edir. Hər bir hadisə üzrə müvafiq dövlət qurumları  Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti komissiyaları, qiymətləndirmə aparır. Əgər ziyan kommunal xidmətlərin fəaliyyətsizliyi səbəbindən yaranıbsa, məsuliyyət həmin qurumların üzərinə düşür".

 

Hüseynov əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti komissiyaları artıq subasma nəticələrinin aradan qaldırılması və ziyanın inventarlaşdırılması işlərinə başlayıb:

 

“Qanunvericiliyə ,əsasən, ziyanın ödənilməsi və kompensasiyanın verilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Bu hadisələr drenaj və yağış sularının idarə olunması infrastrukturunun yenilənməsi məsələsini də aktuallaşdırıb.
"”Fövqəladə hallar haqqında” qanunun 19-cu maddəsinə görə, dövlət zərərçəkmişlərə yardım göstərməlidir. Eyni zamanda, ‘Kommunal xidmətlər haqqında’ qanunun 9-cu maddəsinə ,əsasən, xidmət təşkilatlarının öhdəlikləri var. Yəni əgər ziyan onların yarıtmaz fəaliyyəti nəticəsində baş veribsə, məsuliyyət həmin qurumlara düşür".

 

Hüquqşünas İradə Cavadova isə bildirib ki, məsələni dövlət  həll etməlidir, lakin bu böyük vəsait tələb edir və proses tədricən həyata keçiriləcək:

 

"Abşeron və Bakı rayonlarında kanalizasiya sisteminin çəkilməsi və yağış sularının yığılması üzrə dövlət proqramı var. Bu işlər 2035-ci ilə qədər tamamlanmalıdır. Amma gecikmələr də ola bilər. Vətəndaşların kompensasiya alması mövzusuna gəldikdə, reallıq budur ki, heç bir kompensasiya nəzərdə tutulmayıb. Keçən il belə bir hal olmadı".

 

İradə Cavadova qeyd edib ki, vətəndaşların evləri sığortalamaması və qanunsuz tikintilər də problemləri artırır:

 

"Bəzən vətəndaş düzgün yerdə ev tikmir, uzun illər dövlət məmurları buna göz yumub. İndi qanunsuz tikintilərin qarşısı alınır, amma vətəndaşlar diqqət etmirlər. Maklerlər isə bu vəziyyətdən istifadə edir. Evlər sığortalansaydı, müəyyən kompensasiya almaq mümkün olardı. Hazırda qanunvericilikdə su basması və ya kanalizasiya sisteminin olmaması səbəbilə ziyanın kompensasiyası ilə bağlı konkret mexanizm yoxdur. Praktikada bu mümkün deyil".


Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, bu məsələ İri Şəhərlərin Birləşmiş Su Təchizatı Agentliyinin balansındadır. Adıçəkilən qurumdan sorğumuza cavab olaraq bildirildi ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti mərkəzləşdirilmiş şəbəkə olan ərazilərdə öz fəaliyyətini icra edir. Bu məsələ isə bizim balansımızda deyil. 
 

Mehriban Yariyeva

#bakı #yağış #ziyan #şikayət #narazılıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər