“Sükan arxasında telefondan istifadə etməməlidirlər”- DYP-dən sürücülərə xəbərdarlıq
Sükan arxasında telefonla danışmaq və mesaj yazmaq sürücünün diqqətini yayındıraraq qəza riskini artırır. Bir neçə saniyəlik diqqətsizlik belə sürücünün özünün və digər yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yarada bilər.
Mövzu ilə bağlı “İnformator.az” saytı olaraq həm sakinlərin, həm də Bakı şəhər DYP idarəsindən müsahibə aldıq.
Şəhər sakini Vüsal İsrafilov maşın sürərkən telefondan istifadə etmədiyini bildirib:
“Sükan arxasında əsas diqqətim yolda olur. Telefonla bağlı vacib məsələ yaranarsa, avtomobili saxladıqdan sonra baxıram”.
Rəşad Əliyev isə sükan arxasında telefondan istifadə etməyi düzgün hesab etmədiyini deyib:
“Hətta zəng gəlsə belə, avtomobili saxlayıb sonra cavab verməyə üstünlük verirəm”.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyin tələbinə əsasən, sürücü sükan arxasında hərəkətdə olarkən telefondan istifadə etməməlidir:
“Bildiyiniz kimi, hərəkətdə olan zaman bu hal sürücünün diqqətini yayındırır və öz növbəsində yol-nəqliyyat hadisəsinin baş verməsinə də real zəmin yaradır. Təəssüflə qeyd etməliyəm ki, sözügedən yol hərəkəti qaydasının pozulması nəticəsində xəsarət alanlar və həyatını itirənlər olub. Odur ki, sürücülər diqqətli olmalı, sükan arxasında telefondan istifadə etməməlidirlər. Əlavə olaraq qeyd edim ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə də nəzərdə tutulub”.
Nuray Əliyeva