Süni intellekt Azərbaycanın enerji bazarında mövqeyini gücləndirə bilərmi?
Süni intellekt texnologiyalarının sürətli inkişafı dünyada elektrik enerjisinə tələbatı artırır. Bu tendensiya enerji resurslarına malik Azərbaycan üçün yeni iqtisadi imkanlar yarada bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən enerji eksperti İlham Şaban bildirib ki, bu tendensiya Azərbaycan üçün yeni imkanlar yaradır:
"Süni intellektin inkişafı məlumat mərkəzlərinin sayını və onların elektrik enerjisinə tələbatını sürətlə artırır. Bu isə dünyada etibarlı və fasiləsiz enerji təchizatının strateji əhəmiyyətini yüksəldir.
Azərbaycanın zəngin təbii qaz ehtiyatları, mövcud enerji infrastrukturu və Avropa bazarına çıxış imkanları bu baxımdan ölkənin üstünlükləridir. Lakin əsas məsələ yalnız enerji resurslarına malik olmaq deyil, artan tələbatı rəqabətqabiliyyətli qiymətlərlə və etibarlı şəkildə qarşılamaqdır".
Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə müəyyən üstünlükləri və ciddi inkişaf perspektivləri var:
"Ölkənin ənənəvi elektrik enerjisi istehsalı infrastrukturu, təbii qaz ehtiyatları, Xəzər dənizində külək enerjisi və quruda günəş enerjisi potensialı mühüm imkanlar yaradır. 2030-cu ilədək bərpaolunan enerji güclərinin 6 QVt-a, 2032-ci ilədək isə 8 QVt-a çatdırılması hədəflənir. Lakin bu məqsədə nail olmaq üçün yeni elektrik stansiyalarının tikintisi ilə yanaşı, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemlərinin yaradılması və ötürücü xətlərin gücləndirilməsi də vacibdir. Məncə, Azərbaycanın əsas üstünlüyü ənənəvi enerji mənbələri ilə bərpaolunan enerjini paralel inkişaf etdirmək imkanına malik olmasıdır. Məlumat mərkəzləri üçün isə elektrik enerjisinin fasiləsiz və sabit təchizatı həlledici şərtdir".
Sonda o bildirib ki, Azərbaycan üçün bu, perspektivli istiqamətlərdən biri ola bilər:
"Əgər ölkə yalnız elektrik enerjisi ixrac edən deyil, həm də həmin enerjidən istifadə etməklə yüksək texnologiyalı xidmətlər istehsal edən mərkəzə çevrilə bilsə, iqtisadiyyat üçün əlavə dəyər yaradacaq.
Məlumat mərkəzlərinin yaradılması xarici investisiyaların cəlbinə, yeni iş yerlərinin açılmasına, İT sektorunun inkişafına və Azərbaycanın regional rəqəmsal xidmətlər bazarında mövqeyinin güclənməsinə şərait yarada bilər. Lakin bunun üçün ucuz və etibarlı elektrik enerjisi ilə yanaşı, müasir telekommunikasiya infrastrukturu, yüksəksürətli internet, soyutma sistemləri, su təminatı, əlverişli investisiya mühiti və ixtisaslı kadrlar lazımdır".
Fatimə İbrahimova