00:00:00
Yazar
Elmira Ağayeva
27.08.2026 23:41 115 2 dəq oxuma
Maraqlı

SÜNİ İNTELLEKT BEYNİMİZİ “ƏRİDİR”? – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

SÜNİ İNTELLEKT BEYNİMİZİ “ƏRİDİR”? – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

 

Süni intellekt həyatımızı asanlaşdırdıqca, beynimizi tənbəlləşdirə bilərmi?

Alimlər xəbərdarlıq edir ki, ChatGPT və digər süni intellekt alətlərindən həddindən artıq istifadə yaradıcılıq, diqqət, yaddaş və tənqidi düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssislərin fikrincə, GPS-dən istifadə etdikcə ətrafımızın xəritəsini beynimizdə qurmaq qabiliyyətimiz zəifləyə bilər. Axtarış sistemlərinin geniş yayılmasından sonra isə insanlar internetdə asanlıqla tapdıqları məlumatları daha az yadda saxlamağa başlayıb. Bu hal “Google effekti” kimi tanınır.

İndi isə süni intellekt daha güclü bir “xarici beyin” rolunu oynayır. O, mətn yazır, ideya yaradır, təqdimat hazırlayır, məlumatı ümumiləşdirir və hətta bizim əvəzimizə düşünə bilir.

ABŞ-ın Corctaun Universitetinin professoru Adam Qrin hesab edir ki, insan müəyyən bir işi özü görmək əvəzinə daim süni intellektə həvalə edirsə, həmin düşünmə qabiliyyəti zamanla zəifləyə bilər.

Onun fikrincə, problem nəticədə deyil, nəticəyə gedən yolda beynin gördüyü işin aradan qalxmasındadır.

Mütəxəssislər bunu idman zalında ağırlığı insanın əvəzinə robotun qaldırmasına bənzədir. Nəticədə hərəkət yerinə yetirilir, amma əzələ inkişaf etmir.

Bununla belə, alimlər süni intellektdən istifadənin avtomatik olaraq zərərli olduğunu düşünmürlər. Texas Universitetinin professoru və klinik neyropsixoloq Jared Benge bildirir ki, texnologiyanın faydalı və ya zərərli olması əsasən ondan necə istifadə etməyimizdən asılıdır.

Əgər süni intellekt insanın vaxtını və zehni resurslarını daha vacib işlər üçün azad edirsə, bu, əksinə, faydalı ola bilər.

Araşdırmalar hələ yenidir və süni intellektin insan beyninə uzunmüddətli təsiri barədə yekun nəticələr yoxdur. Ancaq mütəxəssislər bir məsələdə razıdırlar: bütün düşünmə prosesini süni intellektə həvalə etmək əvəzinə, beynin özünü də “işlətmək” lazımdır.

Çünki hazır cavabı almaq asandır. Əsas məsələ isə həmin cavaba çatmaq üçün beynimizi nə qədər işlətdiyimizdir.

Elmira Ağayeva

#baki #azərbaycan #“əri̇di̇r”? #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər