Süni intellekt tarixi şifrələrin açılmasına kömək edir
Sirli əlyazmaların sirləri üzə çıxır
Dünyanın müxtəlif kitabxana və arxivlərində saxlanılan şifrəli tarixi sənədlər uzun illər oxunmadan qalıb. Süni intellekt isə tarixçilərə bu mətnləri deşifrə edərək gizli qalmış məlumatları üzə çıxarmağa imkan verir.
Vatikan Kitabxanasında 400 ildən çox oxunmadan qalan, “Borq şifrəsi” kimi tanınan 408 səhifəlik əlyazma buna nümunədir. Maşın öyrənməsi texnologiyası sayəsində tədqiqatçılar sənədin şifrəsini açaraq burada xəstəliklərin müalicəsinə dair qeyri-adi üsulların qeyd edildiyini müəyyən ediblər.
Mətnin deşifrə olunmasında iştirak edən Stokholm Universitetinin professoru Beáta Megyesi bildirib ki, tarixi şifrələrin açılması detektiv araşdırmasına bənzəyir və hər yeni ipucu keçmişin naməlum səhifələrini üzə çıxarır.
Şifrəli sənədlər tarixə yeni baxış yaradır
Araşdırmaçılar bildirirlər ki, şifrələnmiş sənədlərdə diplomatik yazışmalar, tibbi biliklər, gizli cəmiyyətlərin fəaliyyəti və şəxsi məktublar kimi tarix üçün mühüm məlumatlar gizlənir. Bəzi sənədlərin deşifrə olunması tarixi hadisələr və məşhur şəxslər haqqında mövcud təsəvvürləri dəyişə bilər.
Bunun nümunələrindən biri Şotlandiya kraliçası Mariya Stüartın şifrəli məktublarının oxunması olub. Məktublar onun taxt uğrunda planlarda iştirakını və oğlu VI Ceymslə münasibətlərini üzə çıxarıb.
Süni intellekt prosesi sürətləndirir
Tarixi şifrələrin açılması aylarla, bəzən isə illərlə davam edən mürəkkəb prosesdir. Məsələn, V Karlın 500 il əvvəl yazdığı şifrəli məktubun deşifrə edilməsi altı ay çəkib.
Hazırda alimlər Transkribus və Descrypt kimi layihələr vasitəsilə qədim əlyazmaları avtomatik oxuya və rəqəmsallaşdıra bilən yeni süni intellekt alətləri hazırlayırlar. Məqsəd qeyri-adi simvollarla yazılmış tarixi mətnləri daha qısa müddətdə oxumaq və elmi araşdırmalar üçün əlçatan etməkdir.
Mütəxəssislərin hesablamalarına görə, dünya kitabxana və arxivlərində saxlanılan materialların təxminən 1 faizi hələ də tam və ya qismən şifrələnmiş vəziyyətdədir.
Güllər Gülhüseynova