Süni intellektin inkişafının “yavaşladılması” necə həyata keçiriləcək?
Son illər süni intellekt sahəsinin aparıcı rəhbərləri tərəfindən texnologiyanın bəşəriyyət üçün yaratdığı mümkün ekzistensial təhlükələrlə bağlı çoxsaylı xəbərdarlıqlar səsləndirilib.
2023-cü ilin noyabrında Bletçli Parkda keçirilən dünyanın ilk Süni İntellekt Təhlükəsizliyi Sammitində iştirak etmişdim. Tədbirdə ən güclü süni intellekt modellərinin yarada biləcəyi ən ciddi təhlükələr müzakirə olunurdu.
Həmin vaxt bir çoxları bu təhlükələri elmi fantastika mövzusu hesab edir, daha real risklərin isə iş yerlərinin itirilməsi və imtahanlarda saxtakarlıq kimi məsələlər olduğunu düşünürdü. Üç il sonra isə həmin şəxslərin bir çoxu əvvəlki qədər əmin görünmür.
Şənbə günü “Anthropic” şirkətinin rəhbəri Dario Amodei süni intellektin inkişaf tempinin yavaşladılmasına çağırıb. Rəqib şirkətlərin rəhbərləri – “OpenAI”nin baş direktoru Sem Altman və İlon Mask da onun fikri ilə razılaşdıqlarını bildiriblər.
Süni intellekt üzrə tədqiqatçı və “Anthropic” şirkətindən ayrılmış Ceykob Koxon isə bazar günü BBC-yə açıqlamasında bu sistemləri hazırlayan əməkdaşların bəşəriyyətin gələcəyi ilə bağlı “həqiqətən qorxu içində” olduqlarını deyib.
Beləliklə, süni intellektin inkişaf tempinin yavaşladılmasını tələb edən ciddi mövqelər səslənir. Lakin ilk baxışdan sadə həll yolu kimi görünən bu addımın həyata keçirilməsi heç də asan deyil.
ABŞ-ın dünyanın ən güclü süni intellekt sistemlərini yaratmaq yarışında Çinə uduzmaqdan ciddi narahat olduğu geniş şəkildə qəbul edilir. ABŞ Prezidenti Donald Tramp bazar günü mövqeyini açıqlayaraq ölkəsinin süni intellekt yarışında Çindən öndə olduğunu bildirib və “Süni intellektdə kim qalib gəlsə, qalib gələcək” deyib.
Çinin isə bu yarışda ikinci olmaq istəmədiyi vurğulanır. Danışdığım şəxslər bildirirlər ki, hətta bir şirkət inkişafı dayandırsa belə, digər şirkətlər bunu etməyəcək və həmin şirkət rəqiblərindən geri qalacaq. Bu vəziyyət nüvə tərksilahı kampaniyasının ən aktiv dövrünü xatırladır. Həmin vaxt da əsas problem heç kimin ilk addımı atmaq istəməməsi idi.
Digər mühüm sual isə inkişaf tempinin yavaşladılmasının necə təmin ediləcəyidir. Buna kim nəzarət edəcək? Süni intellekt şirkətlərinin fəaliyyətləri, xüsusilə də hansı işləri görməməyi seçdikləri barədə şəffaf məlumat verəcəyinə güvənmək mümkün olacaqmı?
Bu isə böyük etimad tələb edir və bəzi müşahidəçilər texnologiya sektorunun belə bir etimadı qazanıb-qazanmadığını sual altına qoyurlar.
Amodei öz təklifində süni intellekt modellərinin hazırlanması prosesinə müstəqil monitorinq, sənaye üzrə tənzimləmə və qlobal tənzimləmə də daxil olmaqla üçmərhələli plan irəli sürüb. Lakin bəzi ekspertlər bunun praktikada necə həyata keçiriləcəyini aydın hesab etmirlər.
EZ Primary Research şirkətinin baş direktoru Ed Zitron bildirib ki, “yavaşlama” anlayışının konkret olaraq nə demək olduğu hələ izah edilməyib.
Onun sözlərinə görə, süni intellekt modellərinin hazırlanmasının dayandırılması şirkətləri Çin rəqibləri qarşısında həssas vəziyyətə sala bilər. Bu halda şirkətlərin maliyyə göstəriciləri yaxşılaşa bilər, lakin onların məhsulları geridə qala və Çin laboratoriyaları tərəfindən təhlil edilərək inkişaf etdirilə bilər.
Böyük Britaniya üçün də məsələ xüsusi əhəmiyyət daşıyır. Süni intellekt sənayesi ölkənin iqtisadi artım strategiyasının mühüm hissəsidir. Keçmiş hökumət müşavirlərindən biri bu sahədə “B planının olmadığını” bildirib. Bu səbəbdən inkişaf tempinin yavaşladılması Britaniyanın gələcək iqtisadi perspektivlərinə də təsir göstərə bilər.
Digər tərəfdən, süni intellekt sənayesi böyük həcmdə maliyyə və təbii resurs sərf edir, lakin indiyədək bu investisiyalarla müqayisədə kifayət qədər gəlir əldə olunmadığı bildirilir. Bir sıra hesabatlarda süni intellekt texnologiyalarından istifadə edən şirkətlərin nəticələrdən məyus olduğu qeyd edilir.
İqtisadçılar hazırkı nəhəng texnologiya şirkətlərinin hamısının uzunmüddətli perspektivdə fəaliyyətini davam etdirə bilməyəcəyini düşünürlər. Bu sahədə müəyyən “tarazlaşmanın”, başqa sözlə, mümkün bir bazar köpüyünün partlamasının baş verə biləcəyi barədə fikirlər də səslənir.
Bununla belə, bazarda qalmağı bacaran şirkətlər dünyanın ən güclü iri korporasiyalarına çevrilə bilər. Bu isə öz növbəsində yeni problemlər yarada bilər.
Böyük Britaniyanın “Synthesia” süni intellekt şirkətindən Aleksandr Voika bildirib ki, hazırda əsas problemlərdən biri bu texnologiyanın gələcəkdə necə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmağın mümkün olmamasıdır.
Onun sözlərinə görə, süni intellekt sistemlərinin getdikcə daha güclü olduğu məlumdur, lakin onların harada və necə istifadə ediləcəyi, eləcə də potensialından tam şəkildə necə yararlanılacağı hələ tam aydın deyil.
Davamlı Süni İntellekt Qrupunun təsisçisi Saşa Luççioni isə əsas narahatlığının süni intellektin ekzistensial risklərindən deyil, bu texnologiyanı yaradan şirkətlərin korporativ maraqlarından qaynaqlandığını bildirib.
BMT-yə süni intellekt məsələləri üzrə məsləhətlər vermiş aparıcı kompüter alimi professor Dame Vendi Holl isə hazırkı böhranın əsas səbəbinin şirkətlərin kifayət qədər məsuliyyətli davranmaması olduğunu düşünür.
O, mövcud vəziyyəti tarladan qaçaraq ətrafa zərər vuran öküzün nümunəsi ilə müqayisə edib. Onun fikrincə, belə vəziyyətdə öküzü günahlandırmaq düzgün deyil, məsuliyyət fermerin üzərinə düşür. Çünki təhlükəsizlik hasarları kifayət qədər möhkəm olmayıb. Holl hesab edir ki, süni intellekt sahəsində də hazırda oxşar vəziyyət yaşanır və mövcud təhlükəsizlik mexanizmləri kifayət qədər güclü deyil.
Lakin bu mexanizmlərin həddindən artıq sərtləşdirilməsi süni intellektin inkişafına necə təsir göstərə bilər?
Bəzi şəxslər süni intellektə qarşı daha sərt qaydaların tətbiqinə siyasi motivli çağırışların olduğunu düşünür. Mühafizəkar mövqeli “Capital Research Centre” analitik mərkəzinin araşdırmaçısı Parker Tayer bu yanaşmanı “süni intellekti tənzimləmə yolu ilə tamamilə sıradan çıxarmaq” cəhdi kimi xarakterizə edib.
Onun sosial şəbəkədə paylaşdığı bu fikir təxminən səkkiz milyon dəfə izlənilib. Bu, ifrat və sübuta yetirilməmiş yanaşma olsa da, tənzimləmənin bütün problemləri həll edəcəyinə dair konsensusun olmadığını göstərir.
Hazırda baş verən proseslərin nəticəsi necə olacaqsa olsun, süni intellekt sənayesini əhatə edən mübahisələrin bu sahədə aparıcı mövqedə olan şirkətlərin nüfuzuna artıq ciddi təsir göstərmiş ola biləcəyi bildirilir.
Nurgün Qənizadə