Süni intellektin əmək bazarına təsiri: hansı peşələr risk altındadır?
Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir sıra peşələrin avtomatlaşdırılması və yeni ixtisasların yaranması bu sahədə həm narahatlıq, həm də yeni imkanlar yaradır.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a bildirib ki, süni intellekt işi asanlaşdırır və şəffaflığı artırır, amma eyni zamanda əmək bazarına və insanın düşünmə qabiliyyətinə təsir edir:
“Süni intellekt texnologiyalarının inkişafı insanların maariflənməsinə ciddi təsir göstərib. Artıq insanlar qısa zamanda istədikləri məlumatı əldə edir, həmçinin bir çox problemləri əlavə şəxslərə ehtiyac olmadan özləri həll edə bilirlər. İnflyasiya və ümumi qiymət artımı fonunda bəzi sahələrdə süni qiymət artımı da müşahidə olunurdu. Məsələn, “fəhlə bazarı” kimi tanınan yerlərdə sadə təmir və xidmət işləri üçün qiymətlər 30-50 manatdan başlayır, bəzən isə müştərinin təcrübəsizliyindən istifadə edilərək daha yüksək məbləğlər tələb olunur. Bu gün isə gənc və orta nəsil süni intellektdən istifadə edərək xırda və primitiv işləri özü həll edə bilir. Eyni hal hüquqi sahədə də müşahidə olunur. Əvvəllər insanlar məhkəməyə müraciət üçün 50-100 manata ərizə yazdırırdı. İndi isə süni intellekt vasitəsilə bu işi daha asan və sürətli şəkildə yerinə yetirmək mümkündür. Ümumilikdə desək, sənətkar, fəhlə və ya ali təhsil tələb edən bəzi işlərin müəyyən hissəsini artıq süni intellekt icra edə bilir. Bu isə əmək bazarına təsirsiz ötüşmür. Lakin mənfi tərəflər də var. Məlumata asan çıxış bəzən insanların düşünmə, kreativlik və fərqlilik qabiliyyətlərinin zəifləməsinə səbəb ola bilər. İqtisadi təsirə gəldikdə isə süni intellekt insan əməyini tam əvəz etmir, lakin bəzi sahələrdə ixtisarlara səbəb olur və iş proseslərini sadələşdirir. Digər tərəfdən, insan faktorunun azalması müəyyən mənada şəffaflığı artırır, stress və gərginliyi azaldır. Məsələn, bank sistemində onlayn kredit müraciətləri prosesi xeyli asanlaşdırıb. Bu həm vaxta qənaət edir, həm də sənəd işlərini minimuma endirir. Dövlət və şirkətlərin bu keçid dövrünü düzgün idarə etməsi isə xüsusi əhəmiyyət daşıyır. Süni intellektdən səmərəli istifadə iş saatlarının azaldılması, istirahət vaxtının artırılması və istehsal effektivliyinin yüksəldilməsi kimi müsbət nəticələr verə bilər”.
İT mütəxəssisi Elvin Həsənov da məsələyə öz fikrini bildirib:
“Süni intellekt əmək bazarında insanı tam əvəz etməkdən çox, işin strukturunu dəyişir. Yəni bəzi tapşırıqlar avtomatlaşdırılır, lakin bu, həmin peşələrin tamamilə yox olması demək deyil. Əsas dəyişiklik ondan ibarətdir ki, təkrarlanan və qaydaya əsaslanan işlər getdikcə süni intellektə ötürülür. Məsələn, məlumatların emalı, standart müştəri xidmətləri, ilkin kontent hazırlanması kimi sahələrdə süni intellekt artıq insan əməyinin bir hissəsini əvəz edir. Çağrı mərkəzlərində avtomatik cavab sistemlərinin tətbiqi bunu açıq şəkildə göstərir. Bu baxımdan risk daha çox monoton və təkrarlanan işlərdə müşahidə olunur. Eyni zamanda, yeni peşələr də formalaşır ki, bu da vacib məqamlardan biridir. Artıq əmək bazarında süni intellektlə işləmə bacarığı olan mütəxəssislərə tələbat artır. Data analitiklər, maşın öyrənməsi mühəndisləri, AI üzrə mütəxəssislər və kibertəhlükəsizlik analitikləri kimi yeni ixtisaslar meydana çıxır. Bundan əlavə, ənənəvi peşələr də transformasiyaya uğrayır. Məsələn, marketinq mütəxəssisi AI alətlərindən istifadə etməyi bacarmalı, dizayner isə generativ texnologiyalarla işləməyi öyrənməlidir. Gənclər üçün əsas məsələ artıq yalnız bir peşəyə fokuslanmaq deyil, dəyişən şərtlərə uyğunlaşmaqdır. Analitik düşüncə, problem həll etmə bacarığı, rəqəmsal savadlılıq və davamlı öyrənmə bu dövrdə ən vacib üstünlüklər hesab olunur”.
Arzu Poladova