Süni intellektlə edilən dələduzluğa qarşı sadə üsul: Bir “gizli söz” həyatınızı xilas edə bilər
Süni intellekt texnologiyalarının inkişafı ilə səsin saxtalaşdırılması (deepfake) əsasında qurulan dələduzluq halları sürətlə artır. Mütəxəssislər bildirirlər ki, ailə üzvləri arasında əvvəlcədən müəyyən edilən sadə bir “gizli söz” belə bu cür fırıldaqların qarşısını almaqda həlledici rol oynaya bilər.
ABŞ-ın Nyu-York ştatında yaşayan Elizabet Benz bunun acı təcrübəsini yaşayıb. O, 2025-ci ilin sentyabrında 16 yaşlı oğlu Conun səsinə bənzəyən zəng qəbul edib. Telefonda ağlayan şəxs dostunun öldürüldüyünü deyib. Daha sonra xətti götürən naməlum şəxs oğlunu öldürəcəyi ilə hədələyərək qadından 7 500 dollar tələb edib.
Qorxu içində göstərilən ünvana yollanan ana son anda digər oğlunun Conla əlaqə saxlaması nəticəsində həqiqəti öyrənib. Məlum olub ki, həmin vaxt Con futbol oyununda olub və zəngdə eşidilən səs süni intellekt vasitəsilə hazırlanmış saxta səs imiş.
Maraqlıdır ki, ailənin məhz belə hallar üçün əvvəlcədən müəyyən etdiyi gizli parol olsa da, panika içində olan ana onu soruşmağı belə xatırlamayıb.
Mütəxəssislərin fikrincə, dələduzlar insanın səsini uğurla təqlid edə bilsələr də, ailə üzvlərinin yalnız özlərinin bildiyi şəxsi məlumatları və ya əvvəlcədən razılaşdırılmış kod sözünü bilə bilmirlər. Buna görə də şübhəli zənglər zamanı qarşı tərəfdən həmin sözü deməsini istəmək ən effektiv təhlükəsizlik üsullarından biri hesab olunur.
Süni intellekt üzrə tanınmış ekspert, GetReal Security şirkətinin həmtəsisçisi Hani Farid deyir ki, həyat yoldaşı ilə aralarında belə bir kod sözü var və yalnız qeyri-adi vəziyyətlərdə ondan istifadə edirlər. Onun sözlərinə görə, gündəlik söhbətlərdə buna ehtiyac yoxdur. Lakin qəza, pul köçürməsi, girov götürülmə və ya digər fövqəladə vəziyyətlə bağlı zəng gəldikdə qarşı tərəfin kimliyini məhz bu üsulla yoxlamaq lazımdır.
Araşdırmalara görə, təkcə ABŞ-də 2025-ci ildə onlayn dələduzluq nəticəsində təxminən 148 milyard dollar zərər qeydə alınıb. Bunun 6,3 milyard dollardan çoxu süni intellektdən istifadə edilən fırıldaqların payına düşür. Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür cinayətlərin sayı yaxın illərdə daha da artacaq.
Mütəxəssislər vətəndaşlara ailə üzvləri ilə əvvəlcədən yalnız onlara məlum olan sadə, lakin təxmin edilməsi çətin bir kod sözü müəyyənləşdirməyi, həyəcan doğuran zənglər zamanı isə emosiyalara qapılmadan məlumatı başqa vasitələrlə dəqiqləşdirməyi tövsiyə edirlər.
Elmira Ağayeva