Sürət tarixində yeni mərhələ: Usain Bolt və qırılmaz görünən rekordlar
İdman tarixində elə adlar var ki, sadəcə qalibiyyətləri ilə deyil, insan bədəninin nələrin öhdəsindən gələ biləcəyini nümayiş etdirməklə yadda qalır. Yamaykalı sprinter Usain Bolt da məhz belə fiqurlardandır. Sürət yarışlarına gətirdiyi dinamika, qırdığı rekordlar və trekdə yaratdığı aura onu atletikanın ən tanınan simalarından birinə çevirib.
"21 avqust 1986-cı ildə Yamaykada anadan olan Bolt, 1,95 metr boyuna baxmayaraq (sprinterlər üçün qeyri-adi hündürlük hesab olunur), unikal addım uzunluğu və inanılmaz sürətlənmə texnikası sayəsində atletika tarixinin ən dominant fiquruna çevrilib".
"Gələcəyin çempionu uşaqlıqda vaxtını əsasən kriket və futbol oynamaqla keçirib. O, dostları ilə küçələrdə saatlarla top qovur, kriketdə sürətli atışlar (boulinq) etməyə çalışırdı. Atletika yoluna isə tamamilə təsadüf nəticəsində qədəm qoyub. Məktəbdə təşkil edilən qaçış yarışlarında onun qeyri-adi sürəti diqqət çəkməyə başlayıb. 12 yaşına çatanda artıq məktəbin 100 metr məsafəyə ən sürətli qaçan şagirdi idi. 400 metrlik məsafəni isə 52 saniyəyə qət edib. Beləliklə, kriketçi olmağı xəyal edən yeniyetmənin həyatında tamamilə fərqli bir səhifə açılıb. Məşqçiləri onun iri addımlarını və anadangəlmə sürətini görərək, atletikaya daha peşəkar yanaşmasını tövsiyə etdilər".
"Beynəlxalq Olimpiya Komitəsinin qeydlərinə görə, Bolt üç ardıcıl Olimpiadada həm 100 m, həm də 200 m məsafələrdə qızıl medal qazanan tarixdə ilk idmançıdır. 2009-2015-ci illər aralığında ümumilikdə 11 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq bu turnirin tarixində ən titullu kişi atlet olub".
"2017-ci ildə peşəkar atletika karyerasını başa vuran Useyn Bolt, təkcə nəticələri ilə deyil, həm də yarışlardan əvvəl və sonra nümayiş etdirdiyi şoumen xarakteri və məşhur "İldırım" (Lightning Bolt) pozu ilə atletikaya qlobal populyarlıq qazandırıb".
Xədicə İsmayılova