Suriya-Türkiyə-Azərbaycan enerji dəhlizinin perspektivləri
Suriya, Türkiyə və Azərbaycan arasında planlaşdırılan enerji dəhlizi regional enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasında artıq enerji dəhlizləri mövcuddur. Azərbaycanın enerji daşıyıcıları Türkiyə üzərindən həm Türkiyəyə, həm də dünya bazarlarına çıxarılır:
“Azərbaycanla Türkiyənin Suriya siyasəti demək olar ki, tam üst-üstə düşür və birgə koordinasiya olunmuş şəkildə həyata keçirilir. Nəticədə bu, Azərbaycan və Türkiyənin həmin bölgədə söz sahibi olmasına və oyun qurucusu rolunu gücləndirməsinə şərait yaradır. ABŞ da bu prosesdə Türkiyənin artan roluna diqqət yetirir. ABŞ-nin indiki administrasiyası üçün maraqlıdır ki, Suriyada Türkiyənin rolu artsın. Son illərdə ABŞ müəyyən hədəflərinə nail ola bilməyib, lakin Ərdoğan bu sahədə müvəffəqiyyət göstərib. Yeni enerji dəhlizi və Türkiyənin artan rolu bölgədə strateji balansın formalaşmasına imkan verir”.
Ekspert vurğulayıb ki, Azərbaycan və Türkiyənin müttəfiq olması birgə hərəkətləri təbii edir:
“Bakı-İrəvan sazişi imzalanmamışdan əvvəl Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mümkündür. Mən hesab edirəm ki, Ermənistanda seçkilərdən əvvəl sərhədlərin açılması realdır, çünki Azərbaycan və Ermənistan arasında birbaşa problem qalmayıb və Azərbaycan diplomatik üstünlüyünü nümayiş etdirib. Buna görə də sərhədlərin açılması Türkiyənin Ermənistanda rolunu gücləndirir və Azərbaycan maraqlarına uyğundur. Bu dəhliz vasitəsilə enerji resurslarının təhlükəsiz və davamlı nəqli təmin olunacaq, regional ölkələr arasında etimad mühiti yaradılacaq və siyasi stabillik güclənəcək. Layihə həmçinin regionda yeni investisiya imkanları və əməkdaşlıq sahələri açır”.
Fatimə Hüseynli
